Analitika

05 May
3

Sosial sığorta sistemində islahatlar nə vəd edir?- ARAŞDIRMA

2014-cü ilin noyabrında prezident İlham Əliyevin təsdiqlədiyi “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda nəzərdə tutulan islahatlar ölkəmizin pensiya sistemində yeni dövrün əsasını qoyacaq. Bu sənəd sığorta məbləği ilə sığorda ödənişləri arasında əlaqələri gücləndirməyi, sığorta təminatında maliyyə bazasının genişləndirilməsini, sığortanın baza hissəsinin azaldılmasını və ləğvini nəzərdə tutur. Bu istiqamətdə son illərdə qanunvericilikdə müvafiq əlavə və dəyişikliklər edilib, müvafiq tədbirlər həyata keçirilib. Bu Konsepsiyada nəzərdə tutulan məsələlər əhalinin pensiya təminatının yaxşılaşdırılmasını və dövlət büdcəsindən transfertlərin azaldılmasını nəzərdə tutur. İlk baxışda paradoks kimi görünən bu məsələ necə həll ediləcək, dövlət büdcəsindən əsaslı ayırmalar olmadığı halda pensiya fondu necə formaşalacaq? Bu yazıda həmin sualara cavab verməyə çalışacağıq.

Sosial sığorta haqqı pensiya təminatına adekvat olmalıdır

Əvvəlcə, ictimaiyyət arasında o qədər də düzgün başa düşülməyən bir məsələni dəqiqləşdirmək lazım gələcək. Sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fond kimi yığılır. İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür.

Buna görə də, sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir.

Ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir.

Belə olan şəraitdə əmək haqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir. Bu cəhətdən sosial sığorta haqqının məbləği işçinin gələcəkdə alacağı pensiya təminatına adekvat olmalıdır.

Statistika nə deyir?- 3 aylıq nəticələr

2015-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 752 milyon manata yaxın olub ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 5,5% və ya 39 milyon manat çoxdur.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2014-cü ilin müvafiq dövrünə nisbətən 8,7% və ya 32,7 milyon manat artaraq 410,3 milyon manat təşkil edib. Bunun 65,7%-i və ya 269,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşür.

Qeyri-büdcə sektoru üzrə toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 12% və ya 28,8 milyon manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib və nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə onlardan daxilolmalar 9,8% artıb.

İlk rübdə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 140,8 milyon manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% və ya 3,9 milyon manat artıb.

3 ayda dövlət büdcəsindən Fondun xəzinə hesabına 340,1 milyon manat məbləğində transfert köçürülüb. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 713,7 milyon manat vəsait yönəldilib - bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,1 milyon manat və ya 3,2% çoxdur.

Göründüyü kimi, sosial sığorta haqlarının yığımı artmış, pensiya və müavinətlərin ümumi məbləği də buna müvafiq olaraq yüksəlib. Dövlət büdcəsindən trasfertlərin həcmi isə hələ də umimi xərclərin az qala yarısını təşkil edir. Yeni konsepsiyanın həyata keçirilməsi pensiya və müavinətlərin məbləğinin azalması hesabına yox, əksinə artması fonunda dövlət büdcəsinin yükünü azaldacaq.

MDB-də ən aşağı sosial sığorta dərəcəsi

Fondda hesab edirlər ki, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayevin sözlərinə görə, keçən dövr ərzində sosial sığorta ödəmələrinin tərkibində müəyyən dəyişikliklər edilib, sığorta prinsiplərinə əsaslanmayan ödəmələr bu tərkibdən çıxarılıb.

İşəgötürən kimi fəaliyyət göstərən sığortaedənlər və işçilər üçün məcburi dövlət sosial sığorta haqqı dərəcəsinin 1992-ci ildə tətbiq olunan 41 faizdən 16 bənd aşağı salınaraq hazırda 25 faizə endirilib.

Qanunvericiliyə uyğun olaraq, hazırda bütün işəgötürənlər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22%-i miqdarında, işçilər isə hesablanmış əmək haqqının 3%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Yeri gəlmişkən, MBD və Baltikyanı ölkələri arasında sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycan ən aşağı dərəcə tətbiq edən ölkədir. Son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%-ə, Böyük Britaniyada 2%-ə, Almaniyada 4,2%-ə, İtaliyada 8,2%-ə, Kanadada 4%-ə, ABŞ-da 1,6%-a, Yaponiyada 1%-ə, Rusiyada 8%-ə qaldırılıb.

Hazırda ölkədə 1,2 milyon pensiyaçı, 3 milyon nəfər sığorta ödənişi edən var. Halbuki, başqa ölkələrdə bu nisbət çoxdur. Digər ölkələrdə hər pensiya alana ən azı 3-4 sosial sığorta ödəyən düşür. Düzdür bu, Azərbaycanın daha çox sosial dövlət olduğunu göstərən faktorlardandır, lakin eyni zamanda dövlət büdcəsi üçün ağır yükdür.

“Gələcəkdə pensiya ödənişləri yığımlar əsasında formalaşacaq”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikirncə, indi ölkədə pensiya alanlarla muzdlu işçilər arasında fərqin böyük olmamasının səbəblərindən biri də bir çox müəssisələrdə işçilərlə əmək müqavilələrinin bağlanmamasıdır: “Bu Konsepsiya əsas verir ki, əmək müqavilələri bağlansın, əmək haqqı və pensiya ödənişləri rəsmiləşdirilsin, pensiyanın baza hissəsinin rolu azaldılsın ki, pensiya ödənişləri dövlət büdcəsindən asılı olmasın. Yəni, hər bir şəxsin pensiyası işlədiyi müddətdə sığorta yığımlarına uyğun olaraq müəyyənləşdirilsin. Pensiya ödənişlərində dövlət büdcəsinin rolunun azaldılması imkan verir ki, gələcəkdə pensiya ödənişləri birbaşa yığımlar əsasında həyata keçirilsin”.

V.Bayramov deyir ki, bundan əlavə, islahatların əsas məqsədlərindən biri də dövlət büdcəsindən maliyyə asılılığının azaltmaq, sığorta-pensiya sisteminin maliyyə təminatını gücləndirməkdir: “DSMF-nin 2014-cü il üçün xərcləri 3 milyarda yaxın olub. Bu əvvəlki illə müqayisədə ciddi artım deməkdir. 2006-cı ildən bu xərclər 5 dəfə artıb. Yəni, pensiya fondunun büdcəsi 5 dəfə, amma büdcədən pensiya üçün ayrılan vəsait 6,8 dəfə artıb. Başqa sözlə, 2 milyard 928 milyon manatın 1 milyard 142 milyon manatı büdcədən ayırmaların hesabına düşür. Bu isə o deməkdir ki, pensiya üçün ödənilən hər 100 manatın 39 manatı dövlət büdcəsindən ödənilir. Bu da dövlət büdcəsindən asılılığın yüksək olmasını göstərir. Konsepsiya DSMF büdcəsinin artımı ilə yanaşı, dövlət büdcəsindən pensiyaların verilməsi üçün ayrılan vəsaitin azaldılmasını hədəf kimi qarşıya qoyur. Büdcədən bu sahəyə ayırmaların qısamüddətli dövrdə 30%, orta müddətli dövrdə 20%, daha sonra isə birrəqəmli həddə endirilməsi planlaşdırılır”.

Pensiya sistemində islahatlar nəyə gətirib çıxaracaq?- NƏTİCƏ

Beləliklə aydın olur ki, pensiya ödənişlərində büdcənin rolunun azaldılmasına, pensiya təminatı dayanıqlı olmasına, pensiya ödənişlərinin neftin qiymətindən, dövlət büdcəsinin gəlirlərinin formalaşmasından asılı olmamasına gətirib çıxaracaq. Bu sənəd orta və uzunmüddətli dövrdə pensiyaların verilməsində hər hansı maliyyə çətinliyinin olması riskini azladacaq, pensiya ödənişi sığorta yığımı hesabına olacaq. Praktiki olaraq, nə neftin azlaması, nə də dünya bazarında neftin qiymətinin dəyişməsi pensiya ödənişlərinə təsir göstərməyəcək. Bu, pensiyaçıların sosial ödənişlərinin təminatı üçün zəmanətli proqramdır.

Bundan əlavə, işçilər işlədikləri dövrdə öz fərdi hesablarına yığdıqları pulla pensiya dövründə öz layiqli yaşayış səviyyələrini təmin edə biləcəklər. Daha bir yenilik sığota haqlarının hazırki 50%-lik hissəsinin deyil, 100 faizlik - tam məbləğinin fərdi hesablarda təyin olunaraq pensiya məbləğlərinə yönəldilməsi ilə bağlıdır. DSMF sədri Elman Mehdiyevin də bəyan etdiyi kimi, işlədiyi dövrdə sosial fonda daha çox ödəyən vətəndaş daha yüksək pensiya alacaq ki, bu da ədalətli yanaşmadır.

Əgər işçinin sığorta stajı 12 ildən çoxdursa, ümumilikdə 20 il işləyibsə, bu ona vaxtından əvvəl və yüksək məbləğlə pensiyaya çıxmağa imkan verəcək. Bu isə öz növbəsində işçilərin öz əmək hquqlarını qorumasına, əmək haqqının rəsmiləşdirilməsini təmin etmələrinə gətirib çıxaracaq son nəticədə işçiərin həmın hüquqları da təmin olunmuş olacaq. Göründüyü kimi, sosial sığorta sistemində başlanan islahatlar bu sahədə getdikcə daha yaxşı vəziyyətin yaranacağını deməyə əsas verir.

Elçin Bayramlı

Yazı DSMF-nin “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.