Analitika

19 May
2

Azərbaycanda avtomobil alan tapılmır - ARAŞDIRMA

Azərbaycanda minik avtomobillərinə tələbat xeyli azalıb. Fins.az-ın məlumatına görə, bu, özünü ölkəyə gətirilən avtomobillərin sayında da göstərir. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2015-ci ilin yanvar-aprel aylarında ölkədə 11740 ədəd minik maşını idxal olunub. Bu da, 2014-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azdır. Avtomobil biznesinin zəifləməsinə ötən ilin əvvəlindən Azərbaycanda avtokreditlərin məhdudlaşdırılması, aksiz dərəcələrinin artırılması, eləcə də bu il fevralın 21-də manatın kəskin ucuzlaşdırılması səbəb olub. Artıq maşın alveri ilə məşğul olanların bir qismi avtosalonlarını bağlayıb, bir qismi isə əlindəki avtomobilləri satmaq üçün onların qiymətini aşağı salıb. Bəzən maşınlar hətta alınma qiymətindən də aşağı təklif olunur, amma yenə də onlara alıcı tapılmır.

“Qorxurlar ki, dollar 2 manata bərabər olacaq”

Bakının Badamdar qəsəbəsində Avtomobil Satışı Mərkəzində işləyənlər deyir ki, son 3 ayda satış 4-5 dəfə azalıb. Belə ki, devalvasiyadan əvvəl hər adam ayda 10 avtomobil satıldısa, hazırda bu göstərici 2-dən çox olmur. Yaranmış vəziyyət qiymətlərin aşağı düşməsi ilə nəticələnib. Məsələn, satış meneceri Elgiz Əsədov bildirir ki, əvvəl istehsal tarixi 2008-ci il olan 3,5 litr mühərrikli “Mercedes” 23-24 min manata satılırdısa, indi 17-18 min manata realizə olunur. Onun sözlərinə görə, devalvasiyadan sonra insanların kreditlə avtomobil almağa da marağı azalıb. Çünki, banklar krediti dollarla ayırır, maşın almaq istəyənlər isə nə vaxtsa dolların yenidən bahalaşacağından qorxub kredit götürmür: “Belə bir fikir var ki, dolların qiyməti 2 manat ola bilər. Ona görə də kreditlə maşın alımırlar. Əvvəl 10 maşından 9-u kreditlə satılırdı. İndi alıcılar avtomobili nəğd almağa üstünlük verirlər. Və nəğd pulla bazara gələn müştəri əvvəlcə işlənmiş avtomobil almağı düşünsə də, eyni qiymətə təzə maşını görüb fikrini dəyişir”.

“1000 manat ziyan etmişəm”

Badamdardakı maşın bazarında işləyən digər satıcısı Oley Şamilov da satışların xeyli azaldığını deyir. Onun sözlərinə görə, hazırda 8 min manatlıq avtomobili 6 min manata təklif edildiyi halda alan yoxdur: “Alıcı demək olar ki, yoxdur. Əvvəl 100 nəfər avtomobillə maraqlanan vardısa, indi 2-3 nəfər olur. Fevral ayında 2 avtomobil satıldığı halda, 3 ay ərzində isə cəmi 1 maşın alınıb. 10 min manatlıq “Mercedes”i 7 mini nəğd, 2 min manatı nisyə olmaqla 9 min manata satmışam, yəni 1000 manat ziyana”.

“Mayda avtomobil satmamışıq”

Manatın 34% ucuzlaşmasından sonra “Okean” avtosalonunda da satışlar xeyli azalıb. Satış meneceri Elxan Rəhimov fins.az-a bildirib ki, aprel ayında satışlarda 50% azalma olub. May ayında isə satış olmayıb. Vəziyyətdən çıxış yolu olaraq “KİA” və “Hyundai” avtomobillərinin qiymətlərində 10-20% endirim tətbiq edilir.

5 ay maşın sata bilməyən avtosalon bağlanır

Əsasən “Range Rover” markalı minik avtomobillərinin satıldığı“Elegans” avtosalonu isə 5 aydır ki, satış olmadığından bağlanıb. Satış meneceri Qabil Yusifov hər ay 3-4 min manatlıq “yer pulu”nu ödəyə bilmədiyindən avtomobilləri dayancağa yerləşdirib salonu bağladıqlarını deyir.