ANALİTİKA

19 İyun
101

Təqsirkar sürücünün ailə üzvlərinə niyə sığorta ödənişi verilmir?

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra demək olar ki respublika ərazisində olan hər kəs, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına dəymiş zərərə görə sığorta ödənişi almaq hüququna malik olmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti sığortası müqaviləsi olan və yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar sürücülər tərəfindən şəxsin sağlamlığına və həyatına dəymiş zərər üzrə sığorta ödənişləri birmənalı şəkildə sığorta şirkətləri tərəfindən ödənilir.

Bəzi hallarda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti sığortası müqaviləsi olmayan sürücülər tərəfindən şəxslərin sağlamlıqlarına zərər dəyir ki, bu zaman da İcbari Sığorta Bürosu qanunvericiliklə müəyyən olunmuş şəkildə kompensasiya formasında sığorta ödənişini həyata keçirir. Qeyd olunanları nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, Azərbaycan Respublikası ərazisində olan hər kəs yol-nəqliyyat hadisəsi zamanı səhhətinə və sağlamlığına dəymiş zərər üzrə sığorta olunandır.

Lakin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda bəzi istisnalar müəyyən edilmişdir ki, bunlardan biri yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olan sürücünün zərərçəkmiş ailə üzvləri üçün sığorta təminatının müəyyən olunmamasıdır.

Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə bu hal necə tənzimlənir?

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.

Qanunun müvafiq maddəsinə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan sürücünün özündən və ailə üzvlərindən başqa zərərçəkmiş şəxslərin hər birinə sığorta ödənişi həyata keçirilə bilər. Ailə üzvlərinin təminata daxil edilməməsinin əsas səbəblərindən biri, şəxsin öz ailə üzvləri qarşısında mülki məsuliyyətinin yaranmamasıdır. Digər səbəb kimi isə bəzi dələduzluq və cinayət əməlləri törətməyə meylli insanlara bu pis niyyətlərini həyata keçirmək üçün qanunvericilikdə imkanın yaradılmamasından ibarətdir.

Qeyd olunan Qanunda sığortalı və ya sığorta olunanın ailə üzvlərinə dəymiş zərərə görə sığorta təminatı verilmədiyi göstərildiyindən, avtomobil idarə edən və ya avtomobil sahibi olan şəxslərə ailə üzvlərinə dəymiş zərərə görə sığorta təminatı almaq üçün könüllü şəkildə əlavə müqavilə bağlamaqlarını tövsiyə edərdik. Bu hal gələcəkdə ola biləcək hər hansı sığorta hadisəsi nəticəsində, istər ailə üzvlərinə, istərsə də kənar şəxslərə dəymiş zərərə görə sığorta ödənişini almağa şərait yaradacaq və sığorta şirkətləri ilə vətəndaşlar arasında haqsız narazılıqlara səbəb olmayacaqdır.

Beynəlxalq sığorta təcrübəsində bu hal necədir?

Bu məsələ ilə bağlı beynəlxalq praktikanı araşdırarkən, bir neçə ölkənin mövcud qanunvericiliyinə və sığorta şəhadətnamələrini nəzərdən keçirdikdən sonra hər bir ölkənin bu məsələ ilə bağlı spesifik mövqeyə malik olması qənaətinə gəlmək mümkündür. Belə ki, sığorta bazarı inkişaf etmiş Türkiyə Cümhuriyyətində bu məsələyə bizim qanunvericilikdə olduğu kimi yanaşılır. Əgər təqsirkar adamın avtomobilində olan ailə üzvlərindən kimsə xəsarət alarsa və ya ölərsə həmin şəxsə görə sığorta ödənişi verilmir. İcbari şəkildə bağlanan bu sığorta müqavilələrində birinci dərəcə ailə üzvləri və sığortalı istisna olmaqla bütün zərərçəkmiş üçüncü şəxslərə dəymiş zərərə görə sığorta ödənişi həyata keçirilir. Ailə üzvlərinin təminata daxil edilməməsinin səbəbini Türkiyə sığorta bazarında çalışan ekspertlər belə əsaslandırır ki, onların təminata daxil edilməsi halında sığorta dələduzluq hallarının hədsiz dərəcədə çoxalacağını, hətta ödəniş almaq üçün bəzi insanların öz ailə üzvlərini öldürəcəklərini ehtimal edirlər. Odur ki, bu hal təminata daxil de Sığorta bazarı və sığorta təcrübəsi kifayət qədər inkişaf etmiş ölkələrdən biri olan Amerika Birləşmiş Ştatlarının üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasında vəziyyət tam fərqlidir. Azərbaycanda təqsirkar sürücünün avtomobilində olan lakin ailə üzvü olmayan xəsarət alan və ya ölən şəxslərə görə sığorta ödənişinin həyata keçirildiyi məlumdur. ABŞ-da isə Azərbaycandan fərqli olaraq təqsirkar sürücünün avtomobilində olan bütün şəxslər sığorta təminatından kənardır. ABŞ sığorta bazarında olan ekspertlərin rəylərinə görə, sərnişinlərə təminatın verilməsi halında sığorta dələduzluğu hallarının baş verməsi mümkündür. Yol-nəqliyyat hadisəsi nəticəsində deyil, digər səbəblərdən ölmüş şəxslərə görə sığorta ödənişi almaq üçün əvvəlcədən ölmüş insanı avtomobilə qoyaraq yol-nəqliyyat hadisəsini qəsdən törətmək hallarının baş verməsinin istisna edilmədiyi ekspertlərin qənaətində qeyd edilmişdir. İstər ailə üzvlərini, istərsə də avtomobildə olan digər şəxsləri təminat dairəsinə daxil etmək üçün könüllü qaydada sığorta müqaviləsi bağlanmalıdır.

Sığorta mexanizminin yarandığı və ortaya çıxdığı Böyük Britaniyada bu məsələyə daha liberal yanaşılır. Belə ki, təqsirkar sürücünün avtomobilində olan şəxslərin sürücünün ailə üzvü olub-olmamasından asılı olmayaraq sığorta ödənişinin verilməsini nəzərdə tutur. Sürücünün özü isə sığorta təminatından kənarda qalır. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxsin hərəkətlərindən zərər çəkən hər bir şəxsə sığorta ödənişi verilir.

Avtomobil Vasitələrinin Vurduğu Zərərə görə Mülki Məsuliyyət üzrə Avropa Konvensiyasında edilmiş son dəyişikliklərdən biri təqsirkar sürücünün ailə üzvlərinədəymiş zərərə görə sığorta təminatının verilməsindən ibarət olmuşdur.

Avropa konvensiyası və Avropa direktivlərinə əsaslanaraq bəzi ölkələrdə təqsirkar sürücünün ailə üzvlərinə dəymiş zərərə görə sığorta təminatının verilməsi nəzərdə tutulmuşdur. Bu ölkələrdən biri Polşa Respublikasıdır. Burada mülki məsuliyyəti sığortalanan və hadisənin baş verməsində təqsirli olan sürücünün özü istisna olmaqla ailə üzvləri və yaxınları üçün təminat müəyyən edilmişdir.

Avropa Birliyinin digər bir üzvü olan Almaniyada isə mülki məsuliyyəti sığortalanmış sürücünün təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələri zamanı onun xəsarət almış və ya həlak olmuş ailə üzvlərinə sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Sürücünün özü və ailə üzvləri üçün təminat əldə etmək üçün yalnız könüllü sığorta müqaviləsi bağlanması zəruridir.

Asiya ölkəsi olan və sığorta bazarı kifayət qədər inkişaf etmiş Yaponiyada avtomobillərin icbari məsuliyyət sığortası növü üzrə təminat dairəsi o qədər də geniş deyil. Beləki, yalnız mülki məsuliyyəti icbari qaydada sığortalanmış avtomobilin sürücüsünün təqsiri nəticəsində zərər dəymiş qarşı tərəfin avtomobilində olan şəxslərin və piyadaların aldıqları xəsarətə və həlak olmalarına görə sığorta ödənişi verilməsi nəzərdə tutulur. Təqsirli sürücünün avtomobilində olan nəinki özü və ailə üzvləri, hətta sərnişinlər belə təminatdan kənarda qalır. Odur ki, onlar əlavə könüllü sığorta müqaviləsi bağlamaq müqabilində sığortalana bilərlər.

Beynəlxalq təcrübə müəyyən edir ki, təqsirkar sürücünün ailə üzvləri ilə bağlı məsələyə yanaşma fərqli fərqlidir. Bəzi ölkələrdə sığortalının və ya sığorta olunanın ailə üzvləri istisna edilirlər, bəzilərində isə təminata daxil edilirlər. Qeyd etmək lazımdır ki, həmin istisna, adətən sığortalı və ya sığorta olunan şəxslə “maddi baxımından bağlı” olan yaxın şəxslərə qarşı yetirilmiş zərərlərə aid edilərək əsaslı hesab oluna bilər.

Hər bir dövlətin qanunvericiliyi onun daxili xüsusiyyətlərinə uyğun olaraq qəbul edilir və təkmilləşdirilir. Respublikamızda aparılan sosial xarakterli tədbirlərin miqyasının genişliyini nəzərə alaraq qeyd etmək olar ki, sığorta bazarı üçün mümkün bütün risklər bir daha nəzərdən keçirilməklə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olan sürücünün ailə üzvləri üçün təminatın gələcəkdə verilməsi mümkün ola bilər.

Firdovsi Ağaşirinov

Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin baş məsləhətçisi