ANALİTİKA

23 Sentyabr
6

«Bəzən kartdakı pulu iş yoldaşı oğurlayır» – KARTI QORUMA ÜSULLARI

Azərbaycanda bank kartlarının sayı artdıqca, kartı olan vətəndaşların da sayı artır. Artıq əksər vətəndaşlar üçün ödəmə və pulu saxlama vasitəsi vasitəsi plastik kart sayılır. Amma kartları kənar gözdən qorumağı heç də hamı bacarmır. Kart itiriləndə isə onun təhlükəsizliyinə problem yaranır. Mütəxəssislər fins.az-a bildirirlər ki, kartdakı pulları qorumaq üçün bəzi qaydalara əməl etmək lazımdır.

Bəzən kartın itməsindən 1 ay sonra xəbər tuturlar

“Atrabank”ın Plastik kartlar departamentinin direktoru Dunay Qəhrəmanovun sözlərinə görə, plastik kartın itməsindən heç də hamı vaxtında xəbər tutmur. Bəziləri kartın itdiyini hətta bir neçə həftə sonra bilirlər: “Elə adam var ki, SMS-bankinq xidmətinə qoşulub və onun kartını götürən adam bir əməliyyat edən kimi dərhal onun telefonuna ismarıc gəlir və bununla da kartının itdiyini bilir. Elə müştəri də var ki, o, SMS-bankinq xidmətindən istifadə etmir, həftədə və yaxud ayda 1 dəfə bankomatdan pul çıxarır. Belə adamlar adətən hadisədən gec xəbər tuturlar”.

«PİN kod»u kartdan uzaq saxlayın

Müştəri itkidən nə qədər gec xəbər tutsa, o qədər pisdir. Kartı ələ keçirən şəxs bu müddətdə müştərinin bank hesabını əməlli-başlı «təmizləyir»: «Başqasının əlinə keçən plastik kartla həm bankomatdan pul çıxarmaq, həm də mağazada alış-veriş etmək, həm də internetdə əməliyyatlar aparmaq və ödəniş etmək mümkündür». Doğrudur, bankomatdan pul çıxarmaq və mağazada alış-veriş etmək üçün kartın 4 rəqəmli PIN kodunu bilmək vacibdir. Buna görə də, Dunay Qəhrəmanov məsələt görür ki, kart sahibləri onun kodunu kartın üstünə yazmasınlar, başqasının onu görməsinə, bilməsinə heç cür şərait yaratmasınlar.

«Ən zəif kod – 1234-dür»

Əgər plasti kartın kodunu yadda saxlamaq çətindirsə, müştərilər kodu dəyişə bilərlər. Bunun üçün bankomatların “PİN change” funksiyasından istifadə etmək lazımdır. Onun vasitəsilə karta daha rahat yadda qalan kod qoymaq olar. Amma mütəxəssis çox asan parol qoymağı da məsləhət görmür: “Amma yaxşı olar ki, bu kod mobil telefonunuzun son 4 rəqəmi, doğulduğuz il və yaxud 1234 olmasın».

Məsələ bundadır ki, bəzən kartı ələ keçirənlər müştərinin yaxınları olur, onlar da bilir ki, kart sahibi PİN kodunu dəyişibsə ora nə kod qoya bilər: «Ona görə də dediyim variantlardan fərqli kod lazımdır ki, risklər minimuma ensin”.

Kart itəndə onu özümüz də bağlaya bilərik

Kart sahibləri onu itirərkən dərhal hadisə barədə kartın məxsus olduğu banka xidmət göstərən prossesinq mərkəzinə (24 saat ərzində) və yaxud bankın müştəri xidmətlərinə (iş vaxtı) müraciət etməli və kartı bloklaşdırmalıdırlar. Amma bu işin özü də müəyyən qədər vaxt aparır. Əvvəla, qeyd etdiyimiz kimi, kartın itməsindən dərhal xəbər tutmuruq. İkincisi, kartın sahibi onu bloklamaq üçün banka zəng edəndə, doğrudan da itən kartın qanuni sahibi olmasını sübut etməli olur. Buna da vaxt gedir. Həmin müddətlə kartı oğurlayan şəxs ondan istədiyi kimi istifadə edə bilər. Belə hala düşməmək üçün müştəri kartın fəaliyyətini onlayn rejimdə - internetlə və yaxud elə smartfon vasitəsilə də dayandıra bilər. Məsələn, “Atrabank”ın kart sahibləri bankın təklif etdiyi internet bankinq xidmətindən istifadə etməklə və yaxud banka məxsus mobil əlavəni telefona yükləməklə kartlarını özləri də bloklaşdıra bilərlər. İnternet bankindəki əsas xidmətlərdən biri də məhz itən kartın müştəri tərəfindən bloklanmasıdır.

«Kartını iş yoldaşı oğurlamışdı»

Bəzən isə kartdakı pulu oğurlamaq üçün kartın özünü ələ keçirək tələb olunmur. Kartın nömrəsini və üzərindəki rəqəmləri bilmək kirayətdir. Dunay Qəhrəmanov deyir ki, bu o vaxt baş verir ki, kart sahibi onu müvəqqəti olaraq başqa şəxslərə də verir. Bu zaman kartın üzərindəki 16 rəqəmli nömrənin, onun 3 rəqəmli CVV kodunun, kartdan istifadə müddətinin hansı il, hansı ay başa çatacağı ilə bağlı məlumatların yad ələ keçməsi istisna deyil: “Bizdə bu cür hadisə olmuşdu. İki nəfər eyni idarədə işləyirdi. Onlardan biri bizə müraciət etdi ki, kartımdan pul çıxılıb. Sonra xatırladı ki, iş yoldaşı onu kartını götürüb, əlində bir müddət oynadıb, sonra da özünə qaytarıb. Araşdırmadan sonra pulu götürənin də elə həmin adam olduğu üzə çıxdı. Və yaxud kiməsə bankomatdan pul çıxarmaq üçün kartı verəndə belə bir problem yarana bilər”.

Pullu saytlar da kartdan pul «çəkir»

Bundan başqa, bəzən kart sahibləri öz hesablarınl mobil telefonda qeydiyyatdan keçirirlər və özləri də bilmədən telefonda internetə daxil olaraq pullu xidmətlərdən istifadə edirlər: “Məsələn, internetdə hansısa saytdır, orda video var, üstündəki “Play” düyməsini basırsan ki, ona baxasan, sonra məlum olur ki, sən demək bu pulludur, yəni videoya “start” verərkən kimi avtomotik hesabdan pul da çıxılır”.