ANALİTİKA

24 Oktyabr
10

Pulumuz özümüzə qalacaq

Ölkə başçısının fərmanı ilə fiziki şəxslər tərəfindən ölkəyə gətirilməsinə icazə verilən qeyri-kommersiya təyinatlı yüklərin toplam məbləğinin 1500 dollardan 10 min dollara qaldırılması, əslində, ölkədən dollar axının görünməyən üsulunun qarşısını aldı. Belə ki, əvvəlki qaydalara əsasən Azərbaycanı tərk edən şəxs özü ilə 10 min dollara yaxın götürə bilərdi. Amma geri qayıdan zaman isə özü üçün yalnız 1500 dollarlıq mal gətirə bilərdi. Qalan 8500 dolları isə həmin məntiqlə, əsasən, başqa ölkənin otellərinə, restoranlarına, əyləncə məkanlarına xərcləyə bilərdi.

Bakıya gələn sərnişinlər çox yük gətirə bilmir

Göründüyü kimi, köhnə qaydalar vətəndaşın özü ilə xaricə götürdüyü 10 min dollar pulun 85%-ni getdiyi ölkənin xidmət sektoruna yatırmağa yönəldirdi. Halbuki, xaricə istirahətə gedən azərbaycanlı otel və yemək xərclərini həmin məbləğin 15%-nə, yəni 1500 dollara rahatlıqla yola verə bilər. Nəticədə, qalan 8 min 500 dolları ailəsi üçün lazım olan məişət avadanlıqlarına, geyim əşyalarına xərcləyə bilər ki, bu da xeyli müddət ailəinin rifahına xidmət edər.

Yeni qaydalara görə, xaricə turizm yollayışı ilə gedən, yəni otel və restoran xərclərini əvvəlcədən ödəmiş azərbaycanlılar isə ölkəyə qayıdanda 10 min dollarlıq vacib məişət əşyası gətirə bilər. Yanında körpə uşağı olan analar isə 12 min dollarlıq mal götürə bilər. Çünki fərmanda deyilir ki, ölkəyə müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2 min dollarlıq mal idxalı mümkündür.

Bazarda aparılan araşdırmalar göstərir ki, Bakıda bazarlarında bəzi məişət əşyalarının qiyməti region ölkələri ilə müqayisədə bir neçə dəfə bahadır. Bu, həmin malların idxalında müşahidə edilən inhasarçılığın nəticəsidir. Məsələn, Azərbaycanda istehsalı olmayan rezinli hörmə mələfələrin 7 ədədini İstanbulda 30 manata ekvivalent vəsait ilə almaq mümkündürsə, Bakı bazarlarında həmin malın 1 ədədi 20 manatdan, yəni təxminən 4,7 dəfə baha təklif edilir. Yeni fərman əhaliyə bu cür məişət əşyalarına olan ehtiyacı həm ziyarət, həm ticarət üsulu ilə təmin etməyə imkan yaradacaq ki, bazarlara inhisar nəzarəti edənlər də yavaş-yavaş aradan çıxacaq.

Oqtay Haqverdiyev - Nazirlər Kabinetinin sabiq şöbə müdiri

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev prezidentin bu fərmanını gömrük prosedurlarının liberallaşdırılması kimi dəyərləndirib. “Ümumiyyətlə, bu, Azərbaycanın gömrük prosedurlarının inkişaf etmiş ölkələrin prosedurlarına yaxınlaşdırır. İnkişaf etmiş dövlətlər ölkəyə hansısa məişət əşyasının gətirilməsinə heç bir qadağa yoxdur. Sadəcə, bunu ona görə etmirlər ki, ehtiyac yoxdur, bazar liberaldır və mallarda elə bir qiymət fərqi yoxdur»,- deyə Haqverdiyev bildirib.

Azərbaycanın bu sahədə fərmana qədərki qaydaları daha çox Rusiyanın tətbiq etdiyi prosedurlara uyğun gəlirdi. Rusiyada mövcud prosedurlara görə, ölkədən çıxanda təxminən10 min dollar aparmaq mümkün olduğu halda, ölkəyə yalnız 1000 dollarlıq mal gətirmək mümkündür. 10 min dollara qədər olan mala isə gömrük dəyərinin 30 faizi həcmində (hər kiloqram üçün 4 avrodan az olmayaraq) idxal rüsumu tələb edilir. Göründüyü kimi, Azərbaycanın qaydaları xeyli liberallaşıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) əməkdaşı Nicat Hacızadə bütünlükdə Azərbaycanın gömrük prosedurlarının tam liberallaşdırılmasının vacib olduğunu bildirir: “Ümumiyyətlə, Azərbaycanın gömrük qanunvericiliyi daha çox MDB ölkələrinin və Rusiyanın praktikasına yaxındır. Bu prosedurların inkişaf etmiş ölkələrinkinə uyğunlaşdırılması vacibdir. Ümid edirəm ki, ölkə başçısı bu cür gömrük güzəştlərini sahibkarlıq subyektlərinə də şamil edəcək”.

Nicat Hacızadə - İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı

Hər halda, ölkə başçısı xalqın rifah halının və istehlak səviyyəsinin yaxşılaşdırılması istiqamətində önəmli addım atıb. Gömrük gəlirlərinin müəyyən qədər azalması riski yaransa da, dövlət başçısı bu addımı atmaqdan çəkinmədi. İndi diqqəti cəlb edən əsas məsələ bu yeniliyin tətbiqdir. Bəzən əhalinin məlumatsızlığı və dövlət məmurlarının özbaşınalığı ölkə rəhbərliyinin bu cür mütərəqqi addımlarının praktiki tətbiqini mümkünsüz edir. Hökumət məhz bu cür maneələrin aradan qaldırılması istiqamətində də addımlar atmalıdır.

Mənbə: ANS PRESS