ANALİTİKA

25 Noyabr
9

5 min manatdan yüksək ziyanı kim ödəməlidir? - ARAŞDIRMA

Avtomobilin ehtiyatla, qayda-qanunla idarə edilməsi, nümunəvi sürücü olmaq heç də həmişə gözlənilməz risklərdən xilas etmir. Bəzi hallarda qəza özü sizi tapır. Ona görə də sürücülər avtomobillərini kasko sığortalamalıdırlar. Kasko sığorta bahalı avtomobil sahibləri üçün xüsusilə vacibdir. Yəni, gözləmədiyiniz halda digər sürücünün günahından sizin avtomobilə ziyan dəyir. Və bu ziyanın məbləği maksimal icbari sığorta ödənişindən dəfələrlə yüksək olur. Əksər belə qəzalarda isə günahkar sürücü avtomobilə dəyən ziyanı ödəyə bilmir. Və ya maddi imkanı az olduğundan vurduğu ziyanı ödəməsi aylar, hətta illər çəkir. Bu isə zərərçəkmiş avtomobil sahibləri, xüsusilə də bahalı avtomobilləri olanlar üçün böyük problemə çevrilir. Bəs nə etmək lazımdır?

Avtomobilinizi vuran şəxsin evi və avtomobili satıla bilər

Sığorta ekspertəri hüquqi cəhətdən zərərçəkən avtomobil sahibinə dəyən zərəri ödəmək mümkün olduğunu deyirlər. Belə ki, avtomobilin icbari sığortası olmadığı halda və ya zərər 5 min manatdan yüksək olduqda ziyanı qəzada günahkar olan sürücü özü ödəməlidir. Yəni, sizin avtomobilinizə 6 min manat ziyan vurulubsa, bu zaman zərərin 5 min manatını icbari sığorta, qalan 1000 manatını isə günahkar sürücü ödəməli olacaq.

“Azərsığorta” şirkətinin hüquqşünası Azər Hacıyev fins.az-a bildirib ki, əvvəlcə məhkəmə ekspertizası qəza nəticəsində avtomobilə vurulan ziyanı müəyyən edir. Bu zaman təqsirkar sürücü vurduğu ziyanı ödəməkdən imtina edirsə, onun əmlakının olub-olmadığı araşdırılır. Avtomobillə bağlı yol polisinə, ev və ya torpaq sahəsi ilə bağlı isə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilir. Əgər günahkar sürücünün evi və ya avtomobili varsa, bu zaman həmin əmlaka həbs qoyulur. Yəni ev və ya avtomobil hərraca çıxarılıb satılır. Məsələn, avtomobil 15 min manata satılıbsa və digər avtomobilə vurduğu ziyan 6 min manatdırsa, bu zaman həmin məbləğ zərərçəkənə ödənilir. Qalan 9 min manat isə təqsirkar sürücünün özünə qaytarılır.

A.Hacıyevin sözlərinə görə, əksər hallarda avtomobillər etibarnamə ilə alındığından onların sürücünün əmlakı olduğunu sübut etmək çətin olur. Lakin bəzi hallarda, yəni avtomobilin texniki pasportunda təqsirkar sürücünün mülkiyyətçi olduğu hal aşkarlandıqda onun avtomobili satılır və vurduğu ziyan ödənilir.

Əmlak olmayanda ziyan əmək haqqından çıxılır

Hüquqşünasın sözlərinə görə, günahkar sürücünün əmlakı olmaya da bilər. Bu zaman dəyən ziyan hissə-hissə onun əmək haqqından çıxıla bilər: “Təcrübədə əmlakı olmadığına görə vurduğu ziyanın hər ay 50-100 manat olmaqla əmək haqqından çıxıldığı hallarla qarşılaşmışam”.

A.Hacıyev 2013-cü ildə belə bir qəza baş verdiyini də deyib: “Polis öz avtomobili ilə qəza törətmişdi.Onun günahından “BMW” markalı avtomobilə 2700 manat ziyan dəymişdi. Amma avtomobilinin icbari sığortası yox idi. Məhkəmənin qərarı ilə əmlakı olmadığı üçün vurduğu ziyan hər ay əmək haqqından tutulurdu”.

Yalan danışan “günahkar sürücü” həbs edilir

Lakin heç də həmişə günahkar sürücü əmlakının olduğunu və ya işlədiyini etiraf etmir. Bu halda zərərçəkən avtomobil sahibi üçün çətinlik yaradır. “Mitra” hüquq şirkətinin müdiri Muxtar Şiriyev fins.az-a bildirib ki, bu halda da zərərin təmin edilməsi mümkündür. Bu zaman iş məhkəmə icraçılarının üzərinə düşür. Yəni, icraçılar həmin şəxsin necə yaşadığını, gəlir mənbələrini araşdırır. Günahkar sürücünün əmək haqqı və ya aldığı təqaüddünün 50%-i ziyanın ödənilməsinə yönəldilir. Günahkar sürücü əmlakının olmaması və işləməməsi ilə bağlı yanlış məlumat verərsə, bu zaman cinayət məsuliyyəti də nəzərdə tutulur.

Belə ki, “heç nəyim yoxdur, işləmirəm” deyən təqsirkar sürücünün yalan məlumat verdiyi aşkarlansa Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən, o, 5 ilə qədər həbs edilə bilər: “Məsələn, araşdırma nəticəsində “pulum yoxdur, ziyanı ödəyə bilmirəm deyən” vətəndaşın Bakıda 4 otaqlı evdə kirayə qaldığı, nəvəsini Türkiyədə müalicə etdirdiyi aşkarlanmışdı.Həmin şəxs buna görə həbs edildi. Ziyanı ödədikdən sonra isə azad olundu”

Muxtar Şiriyev:“Məcbur olub avtomobilimi özüm təmir etdirdim”

Lakin bəzi hallarda avtomobilinizə xeyli ziyan vuran sürücü həqiqətən maddi imkansız vətəndaş ola bilər. M.Şiriyevin sözlərinə görə, bu halda məhkəmə həmin şəxsin iş tapandan sonra zərəri təmin etməsi ilə bağlı qərar çıxarır. Belə hallar yüzlərlədir. Amma bir iş də var ki, imkansız günahkar sürücülərin işi məhkəmə qədər gəlib çıxmır. Bu halda ziyan dəyən avtomobil sahibləri özləri avtomobillərini təmir etdirirlər. Belə hallardan biri müsahibimizin özünün başına gəlib: “VAZ 2106 mənim avtomobilimi vurmuşdu. Maşına 1200 manat ziyan dəymişdi. Həmin avtomobilin icbari sığortası yox idi. Yaşlı sürücü ziyanı ödəməyə imkanın olmadığını bildirdi. Məcburən avtomobili özüm təmir etdirdim”.

Belə problemlər adətən “bahalı qəzalar” və işsiz sürücülərə görə yaranır

Zərərin ödənilməməsi ilə bağlı problemlər adətən iri məbləğli avtomobil qəzaları və işsiz sürücülərlə bağlı olur. Sığorta eksperti İlkin İbrahimov fins.az-a bildirib ki, xüsusilə də zəncirvari və yük maşınları ilə bağlı qəzalarda zərərin ödənilməməsi ilə əlaqədar problemlər yaranır.

Onun sözlərinə görə, hazırda bu tipli məhkəmə prosesində iştirak etdiyini deyir. Belə ki, avtomobil sahiblərindən biri zəncirvari qəza nəticəsində 3 avtomobili əzib. Dəymiş ziyanın ümumi məbləği 13 min manatdır. Zərərin nisbətində hər 3 avtomobilə sığorta ödənişi verilib. Lakin ziyanın qalan hissəsini günahkar sürücü ödəməlidir. Həmin vətəndaş isə məhkəmədə işləmədiyini, məcburi köçkün olduğunu deyir və hər ay cəmi 30 manat ödəməyə imkanının olduğunu bildirir. Məhkəmə bu zaman onun ödəmə imkanı qədər ödəniş etməsi ilə bağlı qərar çıxaracaq. Lakin iş icraçıları onun daha çox ödəmə imkanının olduğu aşkarlasalar, günahkar sürücü daha çox ödəməyə məcbur ediləcək.

Bundan əlavə ötən ilin dekabr ayında “Shacman” yük maşını dövlət əmlakına ziyan vurub. Yük maşını işıq dirəklərini və bardürləri yararsız hala salıb. İcbari sığorta üzrə 5 min manat ödənilib. Lakin qəza törətdiyinə görə həm də işini itirən günahkar sürücü zərərin qalan hissəsini ödəyə bilmir. Bununla bağlı məhkəmə prosesi hələ də davam edir.

Çıxış yolu KASKO sığortadır

Sadalananlar bahalı avtomobil sahiblərini dayandıqları yerdə ziyana düşmə riskinin yüksək olduğu ilə yanaşı, dəyən ziyanın əldə etməyin də uzun və çətin prosesdən keçdiyini göstərir. Yəni, zərərçəkən onun avtomobilini vuran sürücünün əmlakının satılmasını gözləməlidir. Əmlak olmadıqda bir neçə ilə hissə-hissə zərərin ödənilməsi prosesini izləməlidir. Bu hal günahkar sürücü ilə yanaşı, avtomobili vurulan sürücü üçün də problem yaradır. Amma bütün bu prosesi keçməməkdən çıxış yolu var. Bunun üçün hər bir sürücü avtomobilini kasko sığorta etməlidir. Yəni, təqsirkar sürücü ziyanı ödəyə bilmədiyi halda avtomobilinizi könüllü sığortaladığınız sığorta şirkəti təmir xərclərini öz üzərinə götürür. Və qəzadan dərhal sonra sığorta şirkətinə zəng vurmaqla problemi həll etmiş olursunuz.