ANALİTİKA

06 Yanvar
8

Bankların çıxış yolu birləşməkdir – ARAŞDIRMA 

Azərbaycanda milli valyutanın “üzən məzənnə” rejiminə keçirilməsindən sonra bank sektorunda yaranmış vəziyyət bankların konsolidasiyası məsələsini yenidən gündəmə gətirib. Artıq devalvasiyadan sonra yaranmış problemlərin həlli üçün açıqlanan reseptlərdə konsolidasiya daha tez-tez xatırlanır. Hazırda bankların birləşməsinin vacibliyini həm ekspertlər, həm bankirlər, həm də tənzimləyici qurum – Azərbaycan Mərkəzi Bankı etiraf edir. Bu məsələ, dekabrın 25-də Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin banklarının rəhbərləri ilə keçirilmiş görüşdə də müzakirə olunub.

“Azərbaycana 20-25 bank bəsdir”

Əslində Azərbaycanda bankların sayının həddən artıq çox olduğu indiyə qədər də dəfələrlə vurğulanıb. İqtisadçı-ekspert Samir Əliyev deyir ki, ölkədə 43 olsa da, bank sektorunun 90%-dən çoxu 20-25 bankın payına düşür və deməli bankların sayı yarıbayarı azalmalıdır. Devalvasiya isə buna tələbatı daha da gücləndirdi: “Banklar 1-ci devalvasiyanın zərərindən çıxmağa macal tapmamış 2-ci devalvasiya ilə üzləşdilər. Təkrar devalvasiya əksər bankların valyuta mövqeyini pozdu, aktivlərini pisləşdirdi, bank sektorunun zərərini artırdı. Sonrakı dövrlərdə zərərin miqyası daha da genişlənəcək. Bu vəziyyət bankların depozit və xarici öhdəliklərinin yerinə yetirilməsinə problem yarada bilər. Odur ki, konsolidasiya qaçılmazdır”.

«Bu il azı 4-5 bank birləşəcək»

Ekspert deyir ki, 2016-cı ildə bank sektoru 2 əsas problemi həll etməlidir: “Birincisi, xarici valyutada olan kreditləri restrukturizasiya etməklə aktivləri sağlamlaşdırmalıdır. Bu proses xeyli zaman aparacaq. İkincisi, xərcləri optimallaşdırmaqla zərəri azaltmaq. Bu yol filialların bağlanması, işçi heyətində ixtisarların aparılması və məvaciblərin və ona əlavələrin azaldılması ilə müşahidə ediləcək. Ancaq xərclərin optimallaşdırılması çıxış yolu olmayacaq. Çünki gəlirlərin azalması, işsizlik müştəri kontingentini azaldır. Üstəlik AMB-nin müştəriyə dair tələbi sərtləşdirməsi onların sayını daha da məhdudlaşdırır». Ona görə də, qarşıdakı dövrdə böhrandan əsas çıxış yollarından biri konsolidasiya olacaq: «Bankların birləşdirilməsi həm bəzi bankların bazarı tərk etməsinin qarşısını ala bilər, həm təmərküzləşmə səviyyəsini azalda bilər, həm də bank sektorunun dayanıqlığının güclənməsinə zəmin ola bilər».

İqtisadçı-ekspert 2016-cı ildə konsolidasiya proseslərinin başlanacağını gözləyir, amma nə qədər bankın birləşəcəyi neftin qiymətindən asılı olacaq: «Əgər qiymət sabit qalsa 4-5 bankın birləşəcəyini gözləmək olar. Neft daha da ucuzlaşsa, konsolidasiyaya gedən bankların sayı daha da çox olacaq».

«Zəif banklar birləşsə yaxşıdır»

İqtisadçı-ekspert Vüqar Bayramov da hesab edir ki, Azərbaycanda bankların konsolidasiyasına ehtiyac var. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının həcmini nəzərə aldıqda bankların sayı lazım olandan təxminən 1,5-2 dəfə çoxdur: «Bu qədər bankın olması bəlkə də rəqabət baxımından yaxşıdır, amma bu amil likvidliyə təsir edir, onu azaldır. Banklar müştərilər qarşısında öhdəliklərinə yüksək səviyyədə yerinə yetirə bilmirlər. Bu baxımdan bankların sayı azalmalıdır».

Vüqar Bayramov hesab edir ki, zəif bankların güclü banklara birləşməsindənsə, bir neçə zəif bankın birləşərək başqa adla bazarda iştirakını davam etdirməsi daha məqsədəuyğundur. Onun fikrincə, 2-ci variantda bank bazarının təmərküzləşməsi zəifləmiş olar.

«Birləşən banklara güzəşt verilməlidir»

Bununla belə, mütəxəssis deyir ki, bankların birləşməsi inzibati yolla deyil, onları buna stimullaşdırmaqla, müəyyən güzəştlər vəd etməklə həyata keçirilməlidir: “Azərbaycandakı kəskin devalvasiyadan sonra bank sektorunda problemlər artıb, vaxtı keçmiş kreditlər çoxalıb. AMB nisbətən zəif banklara aşağı faizli mərkəzləşdirilmiş kredit resurslarına çıxış vəd etməklə onları birləşməyə sövq edə bilər. Və yaxud birləşərək daha yüksək kapitalla bazara çıxacaq banklara 2 il müddətinə vergidən azad edilməsi təklif oluna bilər, bu məsələ hökumət qarşısında qaldırıla bilər. Son nəticədə bank sektorunun öz funksiyalarını yerinə yetirməsi təmin olunar”.

“Konsolidasiya kreditləri ucuzlaşdıracaq”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da hesab edir ki, Azərbaycanda bankların sayı olduqca çoxdur və bu durum günün reallığına uyğun deyil: «Ölkədə bankların sayı ən yaxşı halda 15 və yaxud 20 olmalıdır».

Deputat deyir ki, indiki şəraitdə bankların birləşməsi getdikcə sürətlənəcək: «Çünki başqa çıxış yolu yoxdur. Kiçik banklar birləşdirilməli, böyük banklar yaradılmalıdır. Hesab edirəm ki, bankların konsolidasiyası bazara müsbət təsir edə bilər. Bu, ilk növbədə kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxaracaq. Elə banklar var ki, zərərlə işləyirlər. Zərərlə işlədikləri üçün əhalidən külli miqdarda əmanət toplaya bilmirlər və faizləri də yüksək verirlər. Banklar birləşdikdən sonra isə kapitalları çox olacaq, dövriyyə vəsaitləri, likvidlik artacaq. Onda banklar kredit faizlərini də aşağı salmağa meylli olacaq” - deyə V. Əhmədov vurğulayıb.

Banklar konsolidasiya barədə düşünmür

Bununla belə, ötən illərin təcrübəsi göstərib ki, banklar bazarı tərk etməkdə maraqlı deyillər və konsolidasiya mövzusuna həvəssiz baxırlar. Belə ki, 2013-cü ildə kommersiya banklarının məcmu kapitalına tələb 50 milyon manata qaldırılanda bir çoxları bəzi bankların ya bağlanacağını, ya birləşəcəyini, ya da bank olmayan kredit təşkilatına (BOKT) çevriləcəyini planlaşdırırdı. Amma bu, baş vermədi. Bankların əksəriyyəti səhm emissiyası hesabına kapital tələbini yerinə yetirdilər. Bəzi banklar əlavə səhmdar cəlb etdilər, bəzilərinin isə ümumiyyətlə səhmdarı dəyişdi. Yalnız 2 bank – «Azərbaycan Kredit Bankı» və «Eurobank» bunu edə bilmədi ki, onların da lisenziyası ləğv edildi. Amma həmin banklar da konsolidasiyaya getməyə ehtiyac görmədilər.

Bu ilin fevral ayında Azərbaycan manatının 34%-lik devalvasiyasından sonra isə bəzi bankların kapitalı əhəmiyyətli şəkildə azaldı. Bu, bəzi bankları hətta müflis olmaq həddinə çatdırdı. Amma yenə də konsolidasiyaya gedən olmadı. Dekabrın 21-dən isə Azərbaycan Mərkəzi Bankının “üzən məzənnə” rejiminə keçməsi ilə manat dəyərini daha 48% itirdi. Bu isə təbii olaraq xarici valyutada öhdəlikləri olan, manatla kredit vermiş banklar üçün yeni çətinliklər yaradır və konsolidasiyanı vacib edir.

Zakir Nuriyev: “Konsolidasiya məsələsi həmişə müzakirə olunur”

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyir ki, bankların birləşməsi məsələsi bank sektorunun maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı görüləcək tədbirlərdən biri kimi nəzərdən keçirilir və həmişə müzakirə obyektidir: “Dayanıqlılıq məsələsi ölkə prezidentinin büdcə ilə bağlı fərmanında da öz əksini tapıb. Bunun üçün tədbirlər planı işlənib hazırlanmalıdır. Birləşmə məsələsi bazar iqtisadiyyatında gedən proseslərin təsiri ilə baş verir və həmişə banklar arasında müzakirə olunur. Yeni iqtisadi şəraitdə də bu məsələ yəgin ki, sürətlənəcək və davamlı olacaq. İlk növbədə konsolidasiya üçün zərurət olmalıdır. Bu zərurət olsa bankların birləşməsi baş verəcək. Birləşmə məsələsi həmişə aktualdır. Bundan əvvəl də bazardakı bəzi bankların birləşməsi, bəzi bankların bank olmayan kredit təşkilatına çevrilməsi, bəzi bankların ümumiyyətlə sistemdən kənarlaşdırılması baş verib və bu kimi proseslər həmişə mümkündür”.

“Satılmarıq, lazım gəlsə, özümüz başqasını alarıq”

Bankların özünün birləşmək barədə fikirləri isə müxtəlifdir. Məsələn, “Zaminbank”ın İdarə Heyətinin sədr müavini Orxan Quliyev devalvasiya sonrası konsolidasiyanı vacib sayır. Onun sözlərinə görə, yaranmış yeni iqtisadi şəraitə kiçik banklar dözə bilməzlər və onların bağlanmasındansa, başqa bankla birləşməsi daha məqbuldur: “Təbii ki, bundan sonra çətinliklər olacaq, konsolidasiya qaçılmazdır». Amma O.Quliyev təmsil etdiyi bankın konsoltidasiyaya ehtiyacının olmadığını bildirib: «Konkret olaraq “Zaminbank”da gəlincə isə, bizim hələ ki, konsolidasiyaya ehtiyacımız yoxdur. Çünki “üzən məzənnə” rejimində belə, bizim xarici borclanmamız aşağı səviyyədədir və ciddi problen yaşamırıq. Bununla belə, hansısa bankı almaqla bağlı təklif olsa bunlara baxıla bilər. Korporativ standartlara uyğun qurulmuş, idarəetməsi asan olan, maliyyə göstəriciləri bir o qədər də pis olmayan bank bizə birləşə bilər».

“Bu, strateji qərardır, səhmdarlar baxmalıdır”

“AGBank”ın Biznesin inkişaf departamentinin direktoru Nicat Məmmədli də konsolidasiya məsələsinə normal yanaşır. Onun sözlərinə görə, AMB-nin “üzən məzənnə” rejiminə keçməsi bank sektoruna öz təsirini göstərib, ələlxüsus ABŞ dolları ilə kredit rəsmiləşdirən banklar və qeyd olunan valyutada kredit götürən şəxslər üçün bir qədər çətin vəziyyət yaranıb: “Ehtiyac yarandığı zaman bankların birləşməsi dünya təcrübəsində normal qəbul olunan və sağlam prosesdir. Amma başqa bankla birləşmə strateji qərardır və bu məsələyə səhmdarlar baxmalıdır”.

“Kapital çatışmazlığı olsa, konsolidasiya barədə düşünə bilərik”

“Günaybank”ın İdarə Heyətinin üzvü Sabir Ağayev isə deyir ki, hələ ki, təmsil etdiyi bankın başqa bankla konsolidasiyaya getməsinə ehtiyac yoxdur: “Bu məsələ o vaxt müzakirə oluna bilər ki, məcmu kapitalımız AMB-nin tələbinə cavab verməsin. Tutaq ki, kapitalımız 40 milyon manata düşüb və əlavə 10 milyon manatı tapa bilmirik. Bu halda bank sektorunda qalmaq üçün başqa bankla birləşmək barədə düşünə bilərik. Amma indi halda buna ehtiyac yoxdur. Devalvasiya sonrası lap xərclərimizi azaltmaq istəsək belə, bunun üçün ixtisarlara getmək olar, amma başqa banka satılmaq lazım deyil. Hər hansı bankı almaq barədə də hələ ki düşünmürük”.

Mərkəzi Bank bankları birləşməyə çağırdı

Azərbaycan Mərkəzi Bankı da ölkənin kommersiya banklarına birləşməyi tövsiyyə edib. Bbu məsələ AMB-nin baş direktoru Rəşad Orucovun bu gün bank rəhbərləri ilə keçirdiyi görüşdə müzakirə olunub. Görüşün iştirakçısı olan kommersiya banklarının birindən bildirilib ki, konsolidasiya məsələsi qaldırılan əsas məsələlərdən biri olub: "Əslində konsolidasiya mövzusu AMB-nin ölkə bankları ilə bütün görüşlərdə səsləndirilir. Bu dəfə isə AMB yaranmış yeni vəziyyətdə bir daha bankları konsolidasiya proseslərinə diqqət yetirməyə səsləyib".

Rusiya təcrübəsi

Azərbaycandan fərqli olaraq Rusiyada devalvasiya sonrası bankların konsolidasiyası halları geniş yayılıb. Bu ölkədə milli valyuta-rublun təxminən 2 dəfə dəyərdən düşməsindən sonra bank xidmətlərinə tələbatın və bu sahədə gəlirliliyin azalması, kredit portfelinin keyfiyyətinin pisləşməsi, eləcə də əlavə kapital qoyuluşuna ehtiyac yaranması şimal qonşumuzun kredit təşkilatlarını birləşməyə vadar edib.

Təkcə bu ilin 9 ayında Rusiyada bankların birləşməsi, eləcə də alınıb-satılması ilə bağlı ümumi dəyəri 1,89 milyard dollar olan 37 sövdələşmə qeydə alınıb. Alınıb-satılan banklarla yanaşı, lisenziyası ləğv edilənlər də var və bütün bunlara paralel olaraq bankların sayı azalmaqdadır. Məsələn, 2014-cü ilin yekununda bu ölkədə 923 bank olduğu halda, bu il, noyabrın 1-nə olan vəziyyətə görə bankların sayı 834 olub. Rusiya bankları bazarı tamamilə tərk etməkdəndə, konsolidasiyaya üstünlük verirlər və buna inkişaf etməyin yeganə yolu kimi baxırlar.

Müşahidələr göstərir ki, Rusiyada konsolidasiyaya, daha dəqiq desək başqa bankı almağa xüsusilə 5 bank daha çox maraq göstərir və təmərküzləşmə elə də güclü deyil. “Mood’s” – beynəlxalq reytinq agentliyinin məlumatına görə, bunlar “Otkritye”, “Alfa-bank”, “Promsvyazbank”, “Binbank” və “Moskva kredit bankı”dır. Artıq bank qrupuna çevrilmiş bu kredit təşkilatları aldıqları bankların hesabına bu il bazardakı paylarını (aktivlərin həcminə görə) 10,8%-dən 12,5%-ə çatdırıblar.