Analitika

13 February
4

“AGBank”ın konsolidasiya marafonu - ARAŞDIRMA

Azərbaycanın aparıcı banklarından biri sayılan, 24 illik tarixə malik “AGBank”ın konsolidasiyaya getməsinin kökü ötən il, fevralın 21-də baş vermiş manatın ilk devalvasiyasına gedib-çıxır.

"Möhkəm bank"

Azərbaycanın milli valyutası 34% ucuzlaşdırılana qədər “AGBank”da heç bir çətinlik yox idi və ölkənin digər bankları kimi o da inkişaf edir, maliyyə göstəricilərini, necə deyərlər, uğurla artırırdı. 2014-ci ilin yekunlarına görə, “AGBank” təxminən 3,5 milyon manat xalis mənfəət əldə etmişdi ki, bu da 2014-cü ilin yekunu ilə müqayisədə 40% çox idi. Bundan başqa, il ərzində bankın cəmi aktivləri 7% artaraq 500 milyon manata, kredit portfeli 6,3% artaraq 375 milyon manata, depozit portfeli isə 9,2% artaraq 298 milyon manata çatmışdı. Bu göstəricilərinə görə, bank reytinqlərdə ən yüksək yerlərdə olmasa da, möhkəm bank hesab edilirdi.

“AGBank”Azərbaycan İpoteka Fondunun aktiv tərəfdaşı olduğundan həmin vaxt ölkədə ən çox ipoteka krediti verən bank idi. Onun məcmu kapitalı isə 51,5 milyon manat idi ki, bu da Azərbaycan Mərkəzi Bankının (50 milyon manat) artıqlaması ilə cavab verirdi.

İlk devalvasiya zərbəsi

Fevralın 21-də baş verən devalvasiyadan sonra isə vəziyət dəyişdi. Neftin ucuzlaşması, valyuta gəlirlərinin kəskin azalması şəraitində hökumət manatın 34% ucuzlaşdırılmasına qərar verdi. Xarici banklar qarşısında valyuta öhdəlikləri olan banklar üçün bu əsl şok idi. “AGBank” da dolların kəskin bahalaşmasına hazır deyildi. Həmin vaxt bankın cəmi öhdəlikləri 448,5 milyon manat idi ki, bunun da 151,4 milyon manatı dollarla idi. Bunun 138 milyon manatı dollarda olan depozitlər idi. Başqa sözlə, bankın depozitlərinin 46%-i dollarla idi.

Bankın kredit portfelində isə dollar kreditləri cəmi 56,15 milyon manat həcmində idi ki, bu da ümumi kredit portfelinin cəmi 15%-ni təşkil edirdi. Dollar kreditləri və depozitləri arasındakı bu disbalans, banka baha başa gəldi. Bankın məcmu kapitalı təxminən 10 milyon manat azalaraq 42 milyon manata düşdü, ilkin problemlər yaranmağa başladı.

Səhmdarların "kapital artımı" dəstəyi

Amma devalvasiyadan sonra bu hal bankların əksəriyyətində baş vermişdi, hər halda demək olar ki, bütün banklar dolların bahalaşmasına görə itkilərə məruz qalmışdılar. Buna görə, eləcə də, hökumətin banklara dəstək verəcəyi barədə yayılan məlumatlar səbəbindən əksəriyyət bankın bu vəziyyətinin tezliklə düzələcəyini və iqtisadi sabitlik şəraitində tədricən aradan qaldırılacağını gözləyirdi.

Buna görə də, “AGBank”ın səhmdarları onun kapitalını əldə edilən mənfəət hesabına artırılmasına qərar verdilər. Amma devalvasiyadan sonra Azərbaycanda iqtisadi çətinliklərin yaranması, ölkə vətəndaşlarının, daha dəqiq desək bankın potensial müştərilərinin gəlirlərinin ciddi şəkildə azalması “AGBank”a kapitalla bağlı problemi asanlıqla həll etməyə mane oldu.

Nəticələri ləğv edilən dairədən "həyacan siqnalı"

Bu arada “AGBank”ın əsas səhmdarı və rəhbəri olan Çingiz Əsədullayevlə bağlı müxtəlif proseslər bankın gələcəyi ilə bağlı şübhələri artırdı. Belə ki, Ç. Əsədullayevin parlament seçkilərində qalib gəldiyi 90 saylı Ağdaş seçki dairəsində seçkilərin nəticələri ləğv edildi. Bir qədər sonra isə “AGBank”ın sahibi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının sədri vəzifəsini də tərk etdi. Bütün bunlar “AGBank”ın bankın perspektivlərinə şübhə yaratmağa başladı. Amma Çingiz Əsədullayev bildirirdi ki, deyilənlərin heç bir əsası yoxdur və “AGBank”adi qaydada fəaliyyətini davam etdirir.

"Rabitəbank" şayiəsi

Bankın satılması məsələsində ilk olaraq “Rabitəbank”ın adı hallandı. Amma “AGBank” rəsmiləri bunu təkzib etdilər. Sonradan isə məlum oldu ki, “AGBank” dogrudan da konsolidasiyaya qərar verib və “Dəmirbank”la birləşmək niyyətindədir. Hələlik vəziyyətdən çıxmaq üçün variantlardan biri kimi baxılan konsolidasiya niyyəti, dekabrın 21-də manatın təkrar devalvasiyasından sonra daha da ciddiləşdi.

Baş bankirin açdığı "konsolidasiya sirri"

“AGBank” və “Dəmirbank”ın birləşəcəyi ilə bağlı ilk rəsmi açıqlama AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovdan gəldi. Ölkənin baş bankiri iki bank arasında konsolidasiya ilə bağlı ilkin razılıq protokolu imzalandığını bildirdi və bunu Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirdi.

Daha sonra isə “AGBank” rəsmi açıqlama yayaraq konsolidasiyaya getdiyini təsdiqlədi. Bank bəyan etdi ki, bu sövdələşmə bazara daha güclü, dayanıqlı bankın çıxmasına, onun beynəlxalq standartlara, trendlərə uyğun maliyyə institutu kimi fəaliyyət göstərməsinə imkan verəcək.

Kim kimdən imtina etdi?

Bununla belə, iki bank arasında aylarla davam edən danışıqlar konkret nəticə vermədi. “AGBank” “Dəmirbank”la birləşməyi məqsədəuyğun hesab etmədi. 1-ci bu barədə ictimaiyyətə məlumat verməyə macal tapmamış 2-ci birləşmədən imtina etmələri ilə bağlı açıqlama yaydı və bununla da “AGBank”ı çətin vəziyyətdə qoydu. Hər halda bankdakı mənbələr vəziyyətin məhz belə baş verdiyini bildirirlər.

Konsolidasiyada yeni "Standard"

"AGBank" və "Dəmirbank" birləşəsi olmasa da, bu, "AGBank"la konsolidasiyaya getməyə yeni bank tapıldı. Bu, ölkənin aparıcı banklarından sayılan, aktivlərinin həcminə görə, ilk 5-likdə olan "Bank Standard" oldu. İqtisadi çətinliklərlə müşaiyət olunan 2015-ci ildən heç də pis çıxmadığı deyilən "Bank Standard"a qoşulmaq üçün "Dəmirbank"dan heç də pis variant deyil. Bu gün “AGBank” mətbuata açıqlama yayaraq “Bank Standard”la birləşməyə qərar verdiyini bəyan edib. Artıq tərəflər arasında niyyət protokolu imzalanıb və konsolidasiyaya dair danışıqlar aparılır.