ANALİTİKA

19 Fevral
2

İcbari sığorta qaydaları dəyişir - ARAŞDIRMA

“İcbari sığortalar haqqında” qanuna edilən dəyişiklik avtomobil sahiblərinin və sığorta şirkətlərinin bu sığortaya münasibətini dəyişəcək. Qanuna əsasən artıq avtomobilin icbari sığortası qarşı tərəfə dəyən ziyanı deyil, avtomobilin öz sahibinə dəyən ziyanı ödəyəcək. Sığorta ekspertləri bildirirlər ki, artıq sürücülər icbari sığorta alarkən qiymətlə yanaşı, sığorta şirkətinin imicinə də diqqət yetirəcəklər.

“85 % hallarda müştərilər sığorta şirkətini tanımırdı”

Əvvəllər həm sığorta şirkətləri, həm də müştərilər icbari sığortaya ögey münasibət göstərirdirlər.Belə ki,sığorta şirkəti yalnız qəza baş verəndən sonra ödəniş edəcəyi avtomobil sahibini tanıyırdı.İcbari sığortanı alan avtomobil sahibi isə ödənişin qarşı tərəflə bağlı olduğunu bilib kefiyyətə diqqət yetirmirdi. 50 manatlıq cərimə qorxusundan icbari sığortanı alıb avtomobilin ön şüşəsində sığorta şirkətinin loqosunu yapışdırırdılar. Ekspertlərin sözlərinə görə, 85 % hallarda müştərilər hətta avtomobillərini icbari qaydada sığortaladıqları şirkətlərin adlarını belə bilmirdilər. Qəza eksperti Qismət Əsədov fins.az-a hətta belə bir hadisə ilə qarşılaşdığını deyib: “Belə ki, qəza zamanı sürücü sığorta şirkətinə müraciət etmək istəyib. Amma avtomobilini sığortaladığı şirkətin adını bilməyib. Yoldan keçən bir avtomobili saxlatdıraraq onun ön şüşəsində yazılan sığorta şirkətinin nömrəsini götürüb. Və öz sığorta şirkətinə deyil, başqa bir sığorta şirkətinə müraciət edib. Qəza eksperti müraciət daxil olan kimi hadisə yerinə gedib və məlum olub qəza ilə bağlı səhv müraciət edilib”.

İcbari sığortaya münasibət tamamilə dəyişəcək

Sığorta ekspertləri fins.az-a bildirirlər ki, qanuna edilən dəyişiklikdən sonra artıq hər iki tərəfin icbari sığortaya münasibəti kəskin dəyişəcək. Müştərilər icbari sığortanın onların öz avtomobillərinə dəyən ziyanı ödəyəcəyini bilib sığorta şirkəti seçərkən diqqətli olacaqlar. Sığorta eksperti Abbas Babayev fins.az-a bildirib ki, müştərilər yaxşı imic qazanan şirkətlərdə avtomobillərini sığortalamağa üstünlük verəcəklər. Bu zaman isə onların sığorta məsləhətçisi xüsusilə də sığorta təcrübəsi yaşamış, avtomobil qəzası ilə qarşılaşan qohum- tanışlar olacaq. Belə ki, sığorta ödənişi ala bilməyən, süründürməçiliklə qarşılaşan avtomobil sahibləri artıq hansı sığorta şirkətinin kefiyyətli və ya kefiyyətsiz xidmət göstərdiyini daha yaxşı bilir.Bu məsləhətlər avtomobil sahiblərini doğru sığorta şirkətini seçməyə imkan verəcək.

Sağlam işləyən şirkətlərin gəlirləri artacaq

Müştərilərin artıq icbari sığorta alarkən şirkət seçimində diqqətli olması sığorta şirkətlərindən də icbari sığortaya məsuliyyətli yanaşma tələb edəcək. A.Babayevin sözlərinə görə, əvvəllər müştərilər qarşısında qazanılan sağlam imicin real iqtisadi təsirlərini sığorta şirkətləri indi hiss edəcəklər. Vaxtında ödəniş edən, müştərilərini incitməyən, ödənişin məbləğini azaltmayan şirkətlər icbari sığortada əlavə gəlir əldə edəcəklər.Ekspertin sözlərinə görə, bu il üçün kəskin artım gözlənilməsə də, amma bir neçə ilə avtomobilin icbari sığortası ilə bağlı yığımlarda xeyli artım olacaq. Müştərilərinə kefiyyətli xidmət göstərən sığorta şirkətlərinin yığımları bu il üçün 5-10 %, gələn il üçün isə 15-20%-ə qədər arta bilər.

İcbari sığortaya “ögey münasibət” göstərən şirkətlər uduzacaq

A.Babayevin sözlərinə görə, əvvəllər avtomobilin icbari sığortasına “ögey münasibət” göstərən sığorta şirkətləri artıq bunun nəticələrini hiss etməyə başlayacaqlar. Eyni zamanda belə şirkətlərin də icbari sığorta ilə bağlı yığımları 5-10 % həcmdə azala bilər: “Hazırda avtomobilin icbari sığortası ilə bağlı zərərlilik 70 % qədər artıb. Sığorta şirkətlərinin bu növ üzrə gəlirləri azalıb.Bu sığorta növü üzrə yığımların azalması isə şirkətlər üçün fəlakətə çevrilə bilər”. Ekspertin sözlərinə görə, vəziyyətdən çıxış yolu olaraq belə sığorta şirkətləri müştərilərə kefiyyətli sığorta xidməti göstərməyə başlamalıdırlar. Əks halda, icbari sığorta ilə bağlı müştərilərin itirilməsi 3 il müddətində bu şirkətlərin müflis olması ilə nəticələnə bilər.