ANALİTİKA

14 Mart
2

Həyət evlərini kim «yandırır»? - ARAŞDIRMA

Bakı və paytaxt ətrafında həyət evlərinin sahibləri diqqətli olsalar yaxşıdır. Müşahidələr göstərir ki, evlərlə bağlı xoşagəlməz hadisələr - oğurluqdan tutmuş yanğına qədər – ən çox belə evlərdə baş verir. Bu məsələ sığorta şirkətlərinin diqqətini çoxdan cəlb edib. Elə onun nəticəsidir ki, həyət evlərinin könüllü sığortası mənzillərdən xeyli bahadır. Yəni, mənzillərə nisbətən həyət evləri 100-150 manat baha sığortalanır. Sığortaçıların sözlərinə görə, buna səbəb sığorta risklərinin fərdi yaşayış evlərində daha yüksək olmasıdır.

100 min manatlıq həyət evi 350 - 400 manata sığortalanır

“Azsığorta” şirkətinin anderraytinq şöbəsinin müdiri Cəlal Mehdiyev fins.az-a bildirib ki, mənzillər 0.2-0.25 % tariflə, həyət və bağ evləri isə 0.25-0.5 % tariflə könüllü qaydada sığortalanır. Məsələn, 100 min manatlıq bina evinin sığortası 200-250 manata başa gəlir.Eyni bazar qiymətində həyət evinin sığortası isə 350 -400 manat təşkil edir. Amma bu qiymət daima yaşayış olan evlər üçündür. Evdə daimi yaşayış yoxdursa, yəni, məsələn, bağ kimi istifadə olunursa, sığopta haqqı daha da artır. Məsələn, bağ evini sığortalamaq isə 500 manata kimi yüksələ bilər. Həyət evlərinin sığortalanması zamanı sığorta haqqı ilə yanaşı azadolma məbləği də artır. Şəhərdə yerləşən mənzilin sığortalanması zamanı 500-1000 manat azadolma məbləği tətbiq edilirsə, həyət evlərində bu rəqəm 2000 manat və daha çox ola bilir.

Həyət evlərində yanğınvə oğurluq riskləri yüksəkdir

C.Mehdiyevin sözlərinə görə, həyət evlərinin könüllü sığortasının nisbətən baha olması sığorta risklərinin daha çox olması ilə bağlıdır. Belə ki, həyət evlərində və az yaşayış olan bağ evlərində oğurluq və yanğın riksləri yüksəkdir.”Həyət evlərində istilik sistemləri və qızdırıcılar(“kolonka”) kustar üsulla hazırlanır. Bu da yanğın risklərini artırır.Eyni zamanda, oğurluq etmək də daha asandır.”

Nəzarətsiz bağ evləri tamamilə yanır

Bundan əlavə həyət və bağ evinin yerləşmə yeri də sığorta risklərinə təsir göstərir. Məsələn, şəhərdən kənarda yerləşən, il ərzində cəmi 3-5 ay yaşayış olan, mühafizəsiz bağ evlərində sığorta riskləri daha yüksəkdir. Yəni, belə evdə adi bir qısa qapanmadan yanğın baş verərsə, ev tamamilə yana bilər: “Qonşuların olmadığı, az yaşayış olan yerdə yanğın haqqında o zaman xəbət tutulur ki, artıq hər şey tamamilə məhv olur. Məsələn, şəhərdə yanğın zamanı vaxtında tədbir görüldükdə evə bir neçə min manat ziyan dəyirsə, az yaşayış olan bağ evi isə tamamilə yana bilər”. C.Mehdiyev bildirib ki, bir neçə il əvvəl belə bir sığorta hadisəsi olub:” Qubada meşədə yerləşən istirahət mərkəzində yanğından vaxtında xəbər tutulmamasına görə “domik”lərdən biri tamamilə yanıb.Nəticədə sığorta şirkəti 50 min manat məbləğində sığorta ödənişi verməli olub”.

Sığorta şirkətləri çay kənarındakı evlərdən ehtiyat edir

Yanğın və oğurluqla yanaşı,evlərin yerləşmə yeri də sığorta risklərini artırır.Məsələn, dağ yamacında, çay kənarında yerləşən evlərin də qəza riskləri yüksəkdir. Belə ki, bu zaman təbii fəlakət nəticəsində evə ziyan dəyməsi ehtimalları yüksəlir.Belə olan halda sığorta şirkəti ya həmin evləri sığorta etməkdən çəkinir, ya da sığorta haqqı eyni qayda ilə baha hesablanır.