ANALİTİKA

17 Sentyabr
2

Tur operatorların “Fond Pulu” necə formalaşacaq? - ARAŞDIRMA

Azərbaycanda tur operatorlar gözlənilməyən hadisələrlə əlaqədar “Risk fondu” yaratmalı olacaqlar. Çünki bu tələb yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulub.

“Fond pulu” turların qiymətini qaldıracaqmı?

Ekspert Ramin Zamanov fins.az-a bildirib ki, fonda daxil olacaq məbləğin müəyyənləşdirilməsi və bunun üçün mənbələr əksər ölkələrdə əsasən beynəlxalq standartlara əsaslanaq müəyyən olunur. Məsələn, Türkiyədə bu məbləğ 18 min dollar təşkil edir. Fonda ödəniləcək məbləğin tur operatorun fəaliyyətinin bahalaşmasına gəlincə, Ramin Zamanov bunun mümkün olmadığını bildirdi: “Tur paketlərin bahalaşması əsasən otellərin və restoranların qiyməti artırması nəticəsində yaranır”.

Yanlış təsəvvür yaratdığına görə cərimə

Qanun layihəsinə görə, turizm turlarının təşkilatçıları turistə təqdim etdiyi turizm məhsulu barədə məlumat verməlidir. Turizm təşkilatçısı müqavilədə hər hansı məlumatı verməmək yolu ilə istehlakçıda yanlış təsəvvür yaratdığına görə də məsuliyyət daşıyır. Bəs məsuliyyət dedikdə hansı cərimələr nəzərdə tutulur? Ramin Zamanovun sözlərinə görə, bu cür hallarda turoperatorların məsuliyyəti satdığı məhsulun qiymətinə müvafiq müəyyən edilir. Yəni, əgər məhsulun qiyməti 100 manatdırsa, onda ya tam olaraq bu məbləğ və ya onun bir hissəsi həcmində zərərçəkənə kompensasiya ödənilir.

Turizm sığortalanması gündəmə gəlir

Layihədə turistlərin təhlükəsinin təminat məsələləri də yer alıb. Layihəyə görə, turizm təhlükəsizliyi üzrə tədbirlər planı hazırlanmalı və həyata keçirilməli, tur marşrutları pasportlaşdırılmalı, barəsindəki məlumatların Dövlət Turizm Reyestrinə daxil edilən zaman təhlükəsizlik qaydalarına əməl edilmənin monitorinqi aparılmalı, turizm sığortalanması həyata keçirilməlidir.