ANALİTİKA

28 Fevral
5

Manat niyə sərbəst üzə bilmir? – TƏHLİL

Manatın dövriyyədən yığılması üçün Mərkəzi Bankın atdığı sərt sterilizasiya əməliyyatları davam edir. Son depozit hərraclarında və milli valyutada olan notların satışında son hərraclarda manat tapmayan Mərkəzi Bank bazara müdaxilə imkanlarını hələ qarşıdakı bir ildə davam etdirəcək.

Səbəb isə inflyasiyanın qarşısının alınması və dollara olan tələbatın hələ də gündəmdə qalmasıdır. Gürünən budur ki, 2017-ci ildə bu siyasətin davam etdirilməsi nəzərdə tutulur. İqtisadçılar manatın dövriyyədən daha çox yığışdırılmasının iqtisadi kataklizmalara səbəb ola biləcəyini vurğulayırlar. Ancaq üzən məzənnəyə tam keçid baş verərsə və dövriyyəyə pul buraxılarsa, manatın real bazar dəyərini tapması prosesi sürətlənəcək. Hərçənd, Mərkəzi Bank yanvarın 12-dən tam üzən məzənnəyə keçdiyini elan edib, ancaq gün kimi aydındır ki, hazır ki, məzənnənin üzməyə nə iqtisadi əsasları, nə də maliyyə imkanları yoxdur.

Azərbaycan Risk Peşəkarları Qrupunun rəhbəri Elman Sadıqovun açıqlamalarına görə, bu zaman manatın hansı səviyyəyə qədər ucuzlaşmasına heç kim zəmanət verə bilməz. Digər tərəfdən inflyasiyanın cilovlanması ilə bağlı proqnozlar da yüz faiz ümidli deyil. Buna görə də Mərkəzi Bank öz ehtiyat tədbirləri çərçivəsində sərt monetar siyasətini davam etdirəcək.

Məlumdur ki, hazırda Mərkəzi Bankın vaxt qazanmaq üçün atdığı bu addımlar isə əsasən 2 amilə söykənir. İlk növbədə qeyri-neft sektoru üzrə ixracın artmasına çalışmaq və ikincisi ölkədən kapital axının qarşısını almağa nail olmaq.

Mərkəzi Bankın və bütün iqtisadçıların gözü təbii ki, tədiyyə balansına dikilib. Hazırda tədiyyə balansının 85%-i neft və neft məhsulları əsasında formalaşır. Milli valyuta o vaxt dəyər qazanacaq ki, Azərbaycan məhsullarının ixracı artsın və yerli bazarın təminatına yönələn yerli istehsal rəqabətədavamlı olsun.

Qeyd edək ki, artıq iki ildir ki, manatın devalvasiyası baş verib və manat dəyərdən düşüb. Manatın ucuzlaşmasına arqument olaraq hökumət bu addımın həm də yerli istehsalı stimullaşdırmaq məqsədi daşıdığını açıqlamışdı. Ötən iki ildə yerli istehsalın artım faizi isə hələki 1 faizə belə çatmayıb. Məsələn, 2016-cı ildə Azərbaycan vətəndaşları tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi 0,8% artaraq 5 233,1 mln. manat təşkil edib.

E.Sadıqov hesab edir ki, ölkədə istehlak səbətinin 70%-ni daxili məhsullar hesabına doldura bilsək, manatın kursunun yenidən və bu dəfə iqtisadi dayaqlarla artımına nail olacağıq.