ANALİTİKA

06 Aprel
101

Mobil banking ənənəvi bankları "udur" – ARAŞDIRMA

Gənc nəsilin seçimləri dünya miqyasında bütün sektorlara təsir edir və gələcəyi formalaşdırır. Bank sektoru da bunlardan birdir. Gənc nəsil ənənəvi bankçılıq yerinə rəqəmsal bankçılığa üstünlük verir. Bu da ənənəvi bankçılıq üsullarının sonunu gətirə bilər.

BANKA GETMƏK VƏRDİŞİ YOX OLUR

Müştərilərin pullarını idarə etmələri üçün ortaya çıxan mobil tətbiqlər günbəgün inkişaf edir, müştərilərin bank filialları ilə ünsiyyəti azalır. Yaxın gələcəkdə bank filialları və şöbələri keçmişdə qalacaqdır. Ola bilsin ki, filialların tamamilə ortadan qalxması üçün xeyli vaxt qala bilər, amma onlayn bankçılıq kanalları inkişaf etdikcə bankı ziyarət etmə vərdişinin yox olacağı qətidir.

Araşdırmalara görə, sürətli olmayan və texnologiyasını yeniləməyən banklar müştərilərini itirəcəklər.

Bankomatlar (ATM) pul çıxartmaq və yerləşdirmək əməliyyatları xaricində istifadə olunmayacaq və filiallarla eyni taleyi bölüşəcəkdir.

SMARTFONLAR ƏSAS BANK KANALINA ÇEVRİLİR

Ağıllı telefonlar əsas bank kanalı halına gələcək. Ağıllı telefonlar filialdakı bank işçilərindən daha çox məlumat vermək və toplaya bilmək potensialına malikdir. Müştəri getdiyi çox yerə telefonunu özü ilə aparır və cihaz vasitəsilə ətraflı məlumat ala, pul köçürə və digər bank əməliyyatlarını həyata keçirə bilir.

Artıq bir neçə ildir Avropa və ABŞ-ın ən iri bankları filiallarını bağlayaraq onlayn bankçılığa keçirlər. Ötən il Bank of America, Citigroup və JPMorgan 389 filialını bağlanıb. Buna səbəb aktiv bank istifadəçilərinin 90%-ə yaxınının bank xidmətlərindən kompyuter və telefonu vasitəsilə istifadə etmələridir.

İŞÇİLƏRƏ EHTİYAC AZALIR

Banklar təkcə filiallarını deyil, həm də işçilərinin sayını azaldırlar. Məsələn, hələ ötən ilin iyun ayında Bank of America bildirib ki, istehlakçıların dəyişən tələbatının ödənilməsi üçün mobil bankçılığa daha çox üstünlük veriləcək, gəlir gətirməyən filiallar bağlanacaq və 8 mindən çox işçi ixtisar olunacaqdır. İxtisarlar Bank of America-nın ağır vəziyyətdə olmasını deyil, müştərilərin davranışındakı dəyişiklik əks etdirir.

AZƏRBAYCANDA DA BANKLAR AKTİV ONLAYN BANKÇILIĞA KEÇİRLƏR

Azərbaycanda da bank filiallarına təlabatın azaldığı müşahidə olunur. Banklar dəyişən müştəri vərdişlərinə cavab vermək üçün filiallarını bağlayaraq, aktiv şəkildə onlayn bankçılığa keçməyə başlayıblar.

AccesBank,Unibank, Kapital Bank, PAŞA Bank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, Azərbaycan Beynəlxalq Bankı, Expressbank, Azər-Türk Bank, Nikoil Bank, Yapı Kredi Bank Azərbaycan, TuranBank internet və mobil bankinqə daha çox önəm verən banklardır.

Məsələn, 100% xarici kapitallı bank olan “AccessBank” QSC informasiya texnologiyalarına (İT) daha çox fokuslanan banklardan biridir. Son iki ildə bankın elan etdiyi vakansiyaların əksəriyyəti proqramçı, data analitik və biznes analitiklərin işə cəlb edilməsilə bağlı olub. Bankın İT departamentinə güclü kadrlar işə qəbul etməsi yeni onlayn xidmətlərin istifadəyə verilməsilə nəticələnir. Ötən il “AccessBank” Azərbaycanda ən müasir internet bank xidmətlərindən biri olan “myAccess” xidmətini istifadəyə verib. Bir neçə gün öncə isə “AccessBank” yeni “myAccess” mobil bankinq tətbiqini müştərilərin istifadəsinə verib. Android və İOS platformaları üçün hazırlanmış “myAccess” tətbiqi müştərilərə bank əməliyyatlarını olduqca asan və rahat şəkildə həyata keçirməyə imkan yaradır.

Yeri düşümüşkən, “AccessBank”ın maliyyə vəziyyəti də güclənir. Mart ayında Bankın nizamnamə kapitalı 119.85 milyon manata artırılıb. Həmçinin Avropa İnvestisiya Bankı (AİB) AccessBank-a yüksək inam və etimad nümayiş etdirərək 20 milyon Avro məbləğində ikinci krediti ayırıb.

Unibank mobil əlavəsinin imkanları davamlı olaraq artırır. Bir neçə gün öncə “Unibank Mobile”ın planşet versiyası istifadəyə verilib. Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə “Unibank Mobile”dır. “Unibank Mobile” banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadəyə imkan verir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank da mobil şöbəsini günbəgün təkmilləşdirir. Bank tam yenilənmiş İnternet və Mobil Bank xidmətlərilə hesablar, kartlar, kredit və depozitləri idarə etməyi daha da asanlaşdırıb. Barmaq izi ilə daxil olmaq imkanına malik olan Kapital Bankın mobil tətbiqi bank xidmətlərindən əlavə, kommunal və mobil xidmətlər üzrə borclarınızı ödəmək üçün funksiyalara malikdir.

Bank of Baku da elektron bankçılığın inkişafı sahəsində fəaliyyətini genişləndirərək, müştərilərin filiala gəlmədən xidmətlərdən 24/7 rejimində istədikləri an faydalana bilməsi üçün çalışır. 2017-ci ildən etibarən, Bank of Baku fəaliyyətini daha çox rəqəmsal platforma üzərindən həyata keçirməyi nəzərdə tutub. Bu da öz növbəsində, korporativ müştərilərə əməliyyatlarının 60%-dən çox hissəsini banka gəlmədən internet və mobil bankinq vasitəsilə həyata keçirmək imkanı yaradacaq.

Müştərilərə daha operativ və əlverişli xidmət növlərinin göstərilməsi məqsədilə Bank Respublika da elektron bankçılıq sahəsində yeni layihələr üzərində çalışır. Bank ötən ilin sonuna yaxın xarici görünüşü və funksionalı tamamilə yenilənmiş “Mobil Şöbə” mobil əlavəsini təqdim etmişdir. Bu yenilik müştərilər tərəfindən rəğbətlə qarşılanmış Bankın “İnternet Şöbəsi” xidmətinin davamıdır.

Daima yenilikləri tətbiq edən “Expressbank” öz müştərilərinin işini rahatlaşdırmaq üçün elektron “Şəxsi kabinet” yaradıb. Bankın saytından “Şəxsi kabinet” bölməsinə daxil olaraq əsas bank xidmətlərindən istifadə etmək mümkündür.

Azər-Türk Bank müasir və təhlükəsiz “E-bank” internet bankçılıq xidməti təqdim edir. Bu xidmət vasitəsilə Azər-Türk Bank korporativ və fərdi sahibkar olan müştərilərinə hesab əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır. Belə ki, “E-Bank” vaxta qənaət etməyə, bank əməliyyatlarını sutkanın istənilən vaxtında, dünyanın istənilən nöqtəsindən, İnternetə qoşulmuş istənilən kompüterdən təhlükəsiz və sadə şəkildə yerinə yetirməyə kömək edir.

Banklar yaxşı anlayır ki, biznes-modelini yeni müştəri vərdişlərinə uyğun dəyişən banklar gələcəkdə daha üstün mövqedə olacaqlar.

© Marja