ANALİTİKA

14 Aprel
18

Yastıq altındakı pulu dollarla saxlamalı, yoxsa manatla?

Manatın 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr devalvasiyalarından sonra əhali əlində olan vəsaiti sürətlə dollara çevirməyə başladı. Hətta bununla bağlı bankların qarşısında uzun növbələr də yaranırdı. Son bir ayda isə manat möhkəmlənməyə başlayıb. Beləcə manatını tələsik şəkildə dollara çevirən vətəndaş dolların ucuzlaşması fonunda narahatlıq içərisindədir.

Fins.az-ın verdiyi xəbərə görə, iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyib ki, ölkədəki iqtisadi proseslər inzibati üsulla idarə olunur:

“Mövcud şərait əhalinin əlində nə qədər vəsait olduğunu söyləməyə imkan vermir. 2014-cü ildən indiyədək baş verən proseslərə rəğmən Mərkəzi Bank ciddi bir araşdırma ortaya qoymur ki, ölkədə mövcud dollar nə qədərdir, onun hansı hissəsi əhalidədir, hansı hissəsi şirkətlərin hesabındadır və s. Ən maraqlısı odur ki, hər hansı gərginlik baş verən zaman əhalinin əlində olan valyutanın həcmindən danışılır. Ancaq bu vəsaitlərin məbləği barədə məlumatlar yoxdur. Əslində isə Mərkəzi Bankın siyasəti bunun üzərində qurulmalıdır.

Nəzərə alsaq ki, əhali özü üçün yastıq altında müəyyən qədər vəsait saxlamağa həmişə maraqlıdır. Ən azı müəyyən dövrlərdə tədbirlər həyata keçirmək istəyəndə-toya hazırlaşanda, böyük məbləğli ev əşyası, yaxud avtomobil almaq istəyəndə əlinin altında müəyyən qədər hazır vəsait saxlayır”.

İqtisadçı deyib ki, həmin vəsaitlərin manatın məzənnəsinin kəskin aşağı düşdüyü dövrlərdə dollara çevrilməsi qaçılmaz idi:

“Son zamanlar dollar-manat məzənnəsində baş verən proseslər həmin insanları narahat edir. Onlar əllərində olan vəsaitin itirilməsinin qarşısını almaqda maraqlıdırlar. Bu gün ölkənin valyuta bazarında gedən proseslər isə anlaşılmazdır. Dünya bazarında dolların məzənnəsinin qalxmasına rəğmən bizim ölkədə dollar ucuzlaşır. Belə təsəvvür yaranır ki, ötən dövr ərzində süni ajiotaj nəticəsində manatın kəskin ucuzlaşması baş vermişdi. Mövcud iqtisadiyyatda indiki durum manatın məzənnəsinin daha da möhkəm olmasına zəmin yaradır. Ancaq real iqtisadi proseslər bunun heç də belə olmadığını göstərir. Çünki manatın məzənnəsində baş verən artımlar, tələbin süni sürətdə sıxışdırılması nəticəsində baş verir. Ona görə də dövriyyədə manat tapmaq çətinləşib”.

A.Mehtiyev qeyd edib ki, Mərkəzi Bank manatla olan vəsaitlərin, əldə edilən kimi dollara çevrilməsinin qarşısını almaq üçün belə addımlar atır:

“Hər halda fakt odur ki, manat möhkəmlənir. Bu halda vətəndaşlar itkinin qarşısını almaq üçün hərəkətə keçməyə məcburdurlar. Bu ilk növbədə vətəndaşın, vəsaiti hansı müddətə, nə üçün saxladığından asılıdır. Uzunmüddətli dövr üçün vəsaiti dollarda saxlamaq daha məqsədəuyğun və daha etibarlıdır. Amma yenə də bu, hər kəsin fərqli qərarıdır. Mən neçə illərdir ki, deyirəm, Azərbaycan iqtisadiyyatını proqnozlaşdırmaq mümkün deyil. Çünki qəbul olunan qərarların niyə qəbul edildiyi bəlli deyil. Həmin qərarlar sırf subyektiv xarakter daşıyır və iqtisadi qanunauyğunluqlara söykənmir. Bu baxımdan indki halda əldə olan dollarları manata çevirmək doğru deyil”.

Mənbə: Modern.az