ANALİTİKA

28 Dekabr
3

Bu il: Fəaliyyətimizi siz qiymətləndirin – Fins.az

İlk olaraq bütün oxucularımızı qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm.

Daim oxucuları üçün çalışan Fins.az maliyyə portalı bu yöndə fəaliyyətini artıq bir neçə ildir ki, davam etdirir. Geridə qoymaqda olduğumuz 2018-ci ildə də əsas məqsədimiz doğru-dürüs xəbəri birinci olaraq oxucuların diqqətinə çatdırmaq olub. Aybaay artan oxucu sayı gördüyümüz işlərin öz məcrasında getdiyindən xəbər verir.

Ölkə başçısının mediayaya dəstək verməsi isə bu sahənin inkişafına xüsusi şərait yaradır. Prezident İlham Əliyev şəffaflığın təmin edilməsində peşəkar və müstəqil medianın formalaşmasını başlıca şərt hesab edir. Dövlət başçısı söz azadlığının, insanların obyektiv informasiya əldə etmək hüququnun təmin olunmasına yönəlmiş mühüm addım kimi KİV-lərin inkişafına və müstəqilliyinə dəstək vermək üçün xüsusi dövlət mexanizmi yaradılıb. Hər il dövlət hesabına redaksiyalara birdəfəlik maliyyə yardımlarının göstərilməsinə başlanıb. Hazırda ölkədə internet azadlığının təmin olunması da mühüm prioritetlərdən biridir.

Fəaliyyətimiz

Təkcə bir il ərzində Fins.az əməkdaşları 300 –dən çox dövlət və özəl qurumların tədbirlərində iştirak ediblər. Bundan başqa Fins.az ölkəmizdə keçirilən bir çox maliyyə tədbirlərinin media dəstəkçisi də olub.

Bu il ərzində təkcə artan oxucu sayı deyil həmçinin əməkdaşlarımızın və əməkdaşlıq etdiyimiz şirkətlərin sayı da artıb. Belə ki, Fins.az iqtisadiyyatın hər bir sahəsinə ayrı-ayrılıqda diqqət yetirir. Əbəs yerə deyil ki, maliyyə portalımızda 26 müxtəlif bölməyə ayrı-ayrı müxbirlər nəzarət edir və bu bölmələr üzrə xəbərlər yazırlar.

Hazırda portal multi-media xidmətlərindən aktiv istifadə edərək, sahibkarlarla böyük istehlakçı kütləsi arasında interaktiv əlaqə yaradır. Sahibkarlara maraqlı olan mövzu və məlumatları müxtəlif innovativ üsullarla təqdim etməklə Fins.az ölkə biznesi üçün faydalı məlumat platformasına çevrilib.

Təkcə bir il ərzində şirkətləri haqqında məlumatları saytımızda vermək istəyənlərin sayı ötən illə müqayisədə 50% dan çox artıb.

Bu il 5-ci il olub

Fins.az saytı 18 oktyabr 2013-cü ildə Azərbaycanda ilk ixtisaslaşdırılmış sığorta xəbərləri portalı kimi fəaliyyətə başlayıb.

Tədricən portal maliyyə sektorunun digər sahələrinin də əhatə edərək, banklar, kredit ittifaqları, lizinq şirkətləri və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti haqqında xəbərlər və analitik materiallar yayıb. 2015-ci ildən isə Fins.az-ın əhatə dairəsi daha da genişlənib və portal maliyyə sektoru ilə yanaşı, avtomobil, əmlak, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, nəqliyyat sahələrindəki yenilikləri də təqdim etməklə Azərbaycanda iqtisadi xəbərlərin əsas mənbəyinə çevrilib.

Baş Redaktor: Vüqar Bağırov