ANALİTİKA

09 Yanvar
2

Yanvardan neft yenidən bahalaşa bilər

Bu ilin IV rübü neft fyuçersləri üçün uğursuz oldu. Fins.az xəbər verir ki,“Report”un analitik qrupu bildirir ki, rüb ərzində aparıcı neft fyuçerslərinin predmeti olan “Brent” və WTI markaları, təxminən, 40% dəyər itkisi ilə üzləşdilər.

Ucuzlaşma müxtəlif səbəblərlə, o cümlədən dünya əmtəə bazarındakı geriləmə, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması, Böyük Britaniyanın Avropa İttifaqından çıxması (“Brexit”) ilə bağlı prosesin ləng getməsi, İtaliyada dövlət büdcəsinin kəsiri ilə bağlı problemin həll edilməməsi, ABŞ-Çin ticarət müharibəsinin səngiməməsi ilə bağlıdır. Bütün bu siyasi-iqtisadi amillər investorlarda qeyri-müəyyənlik yaratdı və onlar neftin qiymətinin düşəcəyi fikri ilə birjalarda kütləvi satışlara başladılar.

Bundan başqa, neft bazarında həlledici rola malik ABŞ-da aktiv neft quyularının sayının rekord həddə çatması, İrana qarşı tətbiq edilmiş sanksiyaların gözləniləndən yumşaq olması, bir neçə ölkəyə İslam Respublikasından neft almağa icazə verilməsi “qara qızıl” bazarında təklifin tələbi üstələməsinə səbəb oldu. Son nəticədə neft fyuçerslərinin qiyməti azaldı.

Bu ayın əvvəlində isə Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) daxil olan və olmayan ölkələr görüşərək gündəlik neft hasilatının həcminin 1,2 mln. barel azaldılmasına qərar verdilər. Analitiklərin gözləntisi isə 1,4 mln. barel idi. Neft istehsalçılarının onlara olan “ümidləri” doğrultmaması, üstəlik Qətərin sözügedən görüş ərəfəsində OPEC-dən çıxması investorların narahatlığına səbəb oldu və neft bazarında ucuzlaşmanı stimullaşdırdı.

Qeyd edək ki, hasilatın azaldılması barədə dekabrda qəbul edilmiş qərar yanvarda qüvvəyə minəcək. Bazar iştirakçıları, çox güman ki, bu qərara reaksiya verəcəklər və neftin qiymətində müəyyən qədər artım olacağı istisna deyil.