Analitika

18 January
1

Azərbaycanda məktəblilərin evdən yemək gətirməsi qadağan olunur?

Rusiyada şagirdlərə evdə hazırlanmış yeməkləri orta məktəbə gətirmək qadağan olunacağı gündəmdədir.

Fins.az xəbər veirir ki, sənəddə həmçinin alüminium qablaşdırmanın qadağan olunması da nəzərdə tutulur. Bundan başqa, məktəb yeməkxanalarında soyuducuda yeməklərin növbəti günədək saxlanılması da qadağan ediləcək.

Maraqlıdır Azərbaycanda məktəblilərin evdən yemək gətirməsi qadağan oluna bilərmi?

Məsələ ilə bağlı təhsil sahəsində xeyli uğurlu layihələrin müəllifi Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadədən münasibət öyrəndik.

E.Kazımzadə deyir ki, bu məsələ dövlət tərəfindən qəbul edilmiş təhsil siyasətinə aid qərarla tənzimlənməlidir. Bu məsələdə həm məktəb rəhbərliyi, həm də valideynlər iştirak etməlidirlər:

"Bu qərarın verilməsindən əvvəl 100 faiz bütün məktəb bufetləri, yeməkxanaları qida məhsulları ilə təmin olunmalıdırlar. Yəni, uşaq evdən yemək gətirməsə, məktəbdən mütləq istədiyi yeməyi ala biləcəyinə əmin olmalıdır. İkinci vacib məsələ isə sağlam qidalanmanın necə təşkil olunmasıdır. Məncə, bu məsələdə qidanın haradan əldən edilməsi – bufetdən və ya evdən olması əsas şərt deyil. Vacib olan maariflənmədir. Bu məsələdə həm məktəb rəhbərliyi, həm də valideynlər iştirak etməlidirlər. Şagirdin gündəlik rasionuna nələrin daxil olması norma kimi göstərilməli və bu normalar, gündəlik, həftəlik, aylıq olaraq tərtib olunmalıdır. Normalara nə dərəcədə riayət olunması da nəzarətdə saxlanmalıdır. Təəssüf ki, hazırda bufetlərdə satılan məhsullar da sağlamlıq üçün o qədər də xeyirli deyil. Paketlərdə satılan çoxdan hazırlanmış məhsulların tərkibi haqqında nə şagirdlərin, nə də onların valideynlərinin o qədər də məlumatı olmur. Qida sağlamlığı mövzusunda maariflənmə də şagirdlər özləri də aktiv iştirak etməlidirlər. İbtidai siniflərdən başlayaraq tədris prosesində qidalanma ilə bağlı onlara məlumatlar verilməlidir. Biz heç bir şagirdə “filan qidanı yemə” deyə bilmərik. Amma ən azından dövlət zərərli məhsulların şagirdlər üçün əlçatan yerlərdə satılmamasına nail olmalıdır. Valideyn də görsə ki, məktəbdə lazımlı, sağlam qidalar satılır, övladının çantasını ev yeməkləri ilə yükləməz. Bu günün sağlam qidalanan şagirdləri sabahın sağlam əsgərləri, analarıdır. Ona görə də bu məsələ ilə hamı ciddi məşğul olmalıdır” deyə E.Kazımzadə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklif olunmuşdu. Bununla bağlı yeni hazırlanan “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsində xüsusi bənd, İnzibati Xətalar Məcəlləsində isə əlavələrin edilməsi gözlənilir. Yeni qanun layihəsinin hazır olduğu təqdirdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Müəllif: Tuncay Türbəndəzadə