AQRO

02 Dekabr
161

Yeni istixana yaradılıb, məhsullarını Rusiyaya ixrac edəcək

Tərtər rayonunun Soyulan kəndi ərazisində istixana kompleksi yaradılıb.

“Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan kompleksin tikintisinə keçən ilin aprel ayında başlanılıb. Ümumi ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb.

“Azaqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov bildirib ki, kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 15 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 200 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal ediləcək. Artıq oktyabr ayında pomidor şitilləri əkilib. Bitkilərin inkişafı qənaətbəxşdir. İlk məhsul yığımına 2020-ci il yanvarın əvvəllərində başlanacaq. İstehsal edilən məhsul daxili bazara çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac olunacaq.

"Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində iş aparılır. İstixananın sahəsinin 6 hektara çatdırılması, işçilərin sayının isə artırılması nəzərdə tutulur. Ölkəmizdə sahibkarlara yaradılan şəraitin müqabilində çalışacağıq ki, yüksək keyfiyyətli və ixracyönümlü məhsullar istehsal edək”, - deyə Zəfər Nəsirov bildirib.

© Azərtac