AVTO

20 İyun

Land Rover Camel Trophy yarışlarını yeni adla bərpa edəcək

Finss.az - Land Rover məşhur Camel Trophy yarışlarının analoqunu fərqli adla yenidən həyata keçirməyə qərar verib.

Yeni yarışlar Defender Trophy adlanacaq və iştirakçılar burada güc, çeviklik və yaradıcı düşünmə qabiliyyətlərini nümayiş etdirəcəklər. Onlar xüsusi hazırlanmış Defender 110 Trophy Edition modelləri ilə mübarizə aparacaqlar. Bununla belə, bu off-road avtomobilini istənilən şəxs satın ala bilər.

Yeni Defender Trophy yarışları bir neçə mərhələdən ibarət olacaq. İştirakçılar yalnız sürücülük bacarıqlarını deyil, həm də güc və zəka göstəricilərini sınayacaqlar. Müsabiqənin qalibləri Afrika təbiətini qorumağa yönəlmiş Britaniya Tusk fondu tərəfindən təşkil edilən unikal bir missiyada iştirak hüququ qazanacaqlar.

Yarışın simvolu Defender 110 Trophy Edition olacaq. Bu modelin adı ilk dəfə 2021-ci ildə ABŞ bazarı üçün cəmi 220 ədəd buraxılan limitli versiyada istifadə olunmuşdu. Lakin yeni versiya geniş satışa çıxarılacaq və istənilən şəxs tərəfindən əldə oluna biləcək.

Yeni Defender iki rəngdə təqdim olunacaq: Deep Sandglow Yellow (sarı) və Keswick Green (yaşıl). Avtomobilin görünüşündə klassik Defender dizaynına istinad olunub, əlavə avadanlıqla təchiz edilib. Bunlara qara parlaq detallarla kontrast vurğular, dam üstü baqaj, nərdivan, səyahət üçün çamadanlar və snorkel daxildir.

Standart avadanlıqlar:

  • 20 düymlük təkərlər

  • Meridian audiosistemi

  • İsitmə və ventilyasiya funksiyalı ön oturacaqlar

Mühərrik seçimləri:

  • 350 at gücündə 3.0 dizel mühərrik

  • 400 at gücündə benzinli 6 silindrli mühərrik

  • 2.0 litrlik turbomühərrikə əsaslanan 300 və 404 at gücündə iki plug-in hibrid versiya

Böyük Britaniyada Defender 110 Trophy Edition modelinin ilkin satış qiyməti 89 810 funt sterlinqdən başlayır.