Finss.az - Avropa İttifaqı və Böyük Britaniyanın 2035-ci ildən etibarən daxili yanma mühərrikli avtomobillərin satışını qadağan etmək planı, avtomobil istehsalçılarını məhsul portfellərini yenidən nəzərdən keçirməyə vadar edir. Bu kontekstdə Dacia brendi də elektromobilləşmə kursunu gücləndirir.
Şirkətin baş direktoru Deni Le Votun açıqlamasına görə, məşhur Dacia Duster modelinin elektrik versiyası üzərində artıq işlər başlayıb. Yeni Duster EV Renault 5 və Renault 4 modelləri ilə eyni – CMF-B EV (AmpR Small) platformasında qurulacaq. Bu arxitektura elektromotorların həm ön, həm də arxa oxda yerləşdirilməsinə imkan verir ki, bu da modelin tam ötürücülü versiyada buraxılmasına şərait yaradır.
Elektrikli Duster, ilkin mərhələdə daxili yanma mühərrikli versiyanı əvəz etməyəcək – klassik Duster 2030-cu ildən sonra da istehsalda qalacaq və satışda olacaq.
Dacia yaxın zamanda həmçinin arxa elektromotorlu hibrid Duster modeli buraxmağı planlaşdırır. Bu addım brendin elektrifikasiyaya keçidlə bağlı investisiya strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
2027-ci ilə qədər isə Dacia Bigster modeli ilə eyni C-seqmentdə yer alacaq bir neçə yeni model təqdim etməyi planlaşdırır. Onların ilkin olaraq DYM-lə təchiz olunacağı gözlənilir.