Finss.az - Bu ilin yanvar-iyun aylarında Azərbaycana 51 min 727 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu nəqliyyat vasitələrinin idxalına çəkilən ümumi xərc 960,708 milyon ABŞ dolları təşkil edib.
İdxal göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, miqdar baxımından avtomobil idxalı 9 min 392 ədəd və ya 22,2%, dəyər ifadəsində isə 181,344 milyon ABŞ dolları, yaxud da 23,3% artım göstərib.
Hesabat dövründə ölkəyə 250 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox sərnişin daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi idxal olunub. Bu avtomobillərin ümumi dəyəri 20,245 milyon dollar olub. Ən böyük pay isə minik avtomobillərinin payına düşür – 865,346 milyon dollar dəyərində 47 min 199 ədəd avtomobil.
Bütövlükdə 2025-ci ilin ilk 6 ayında Azərbaycan 24,4 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 12,1% və ya 2,632 milyard dollar çoxdur. Xarici ticarət dövriyyəsinin 12,878 milyard dolları ixracın, 11,522 milyard dolları isə idxalın payına düşüb.
İxrac cüzi – 0,2% azaldığı halda, idxal 29,9% artıb. Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo formalaşıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,677 milyard dollar və ya 3 dəfə azalma deməkdir.