BANK

08 Noyabr
65

Mərkəzi Bank DOST Agentliyinin könüllülərinə sertifikatlar verib

Mərkəzi Bankda maliyyə savadlığı üzrə DOST Agentliyinin könüllülərinə sertifikatlar təqdim edilib

Fins.az xəbər verir ki,bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cari ilin oktyabr ayından başlayaraq maliyyə maarifləndirilməsi çərçivəsində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin könüllüləri üçün geniş təlimlər təşkil edilmişdir. Maliyyə savadlılığı üzrə təlimlərin ilkin mərhələsində DOST Agentliyinin könüllülərinə 4 sessiyada 8 mövzu tədris olunmuşdur. Təlim zamanı iştirakçılara “Mərkəzi Bankın funksiyaları”, “Nağdsız ödənişlərin təşviqi”, “İstehlakçı büdcəsi”, “Şəxsi pul vəsaitlərin idarə olunması”, “Bank xidmətləri – zaminlik”, ”Məsuliyyətli borclanma” və “Pul nişanlarının mühafizə elementləri” kimi mövzularda təqdimatlar olunmuşdur. Eyni zamanda təlim iştirakçılarına Mərkəzi Bankın elektron resurslarından olan “Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), virtual təhsil platforması (edu.e-cbar.az) və maliyyə məhsul və xidmətlərinin axtarış sistemi (infobank.az) barədə geniş məlumat da verilmişdir. Sonda təlim iştirakçılarının sualları ətraflı cavablandırılmış və təlimlərdə fərqlənən DOST Agentliyinin könüllülərinə Mərkəzi Bankda sertifikatlar təqdim edilmişdir. Növbəti mərhələdə DOST Agentliyinin işçiləri üçün də maarifləndirici təlimlərin keçirilməsi planlaşdırılır. Yeni təlimlərə tədiyə balansı, inflyasiya, pul siyasəti, iqtisadi artım, müasir bank məhsulları və s. kimi əlavə mövzular da daxil ediləcəkdir. Bütövlükdə Mərkəzi Bank tərəfindən müxtəlif hədəf qrupları üzrə maliyyə savadlılığı tədbirləri mütəmadi əsasda davam etdiriləcəkdir.