Azərbaycanda istifadədə olan ödəniş kartlarının sayı sürətlə artaraq 20 milyon həddinə çatıb.
Finss.az Media Təhlil Mərkəzinə istinadən xəbər verir ki, 2020-ci ilin sonu ilə müqayisədə kartların sayı 107,9% (2,1 dəfə) artaraq 10 milyon 327 min 571 ədəd çoxalıb.
Son bir il ərzində Azərbaycanda istifadədə olan bank kartlarının sayı 2 milyon 973 min 578 ədəd (17,6%) artaraq 19 milyon 898 min 735-ə yüksəlib. Artıq ödəniş kartlarının sayı ölkə əhalisinin sayından təxminən 2 dəfə çoxdur.
Rəqəmlər göstərir ki, debet kartların sayı kredit kartlarına nisbətən daha sürətlə artır. 2024-cü ilin sonunda debet kartlarının sayı 17 milyon 642 min 376-ya çatıb ki, bu da illik 19,9% artım deməkdir. Kredit kartlarının sayı isə eyni dövrdə 1,8% (40 min 675 ədəd) artıb.
Son 5 ildə nağdsız ödənişlərin həcmi də rekord həddə çatıb. 2024-cü ildə ölkə daxilində nağdsız ödənişlərin ümumi həcmi 78,9 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 60,9% çoxdur.
Fuad Mədətov
Finss.az