Finss.az - “AFB Bank” ASC-də kadr dəyişiklikləri çərçivəsində Pərviz Qasımov bankın İdarə Heyətinin Müşaviri vəzifəsinə təyin olunub.
Pərviz Qasımov maliyyə və bankçılıq sahəsində zəngin təcrübəyə malikdir. O, 2001-ci ildə Azərbaycan Maliyyə İqtisad Kollecində “Bank işi” ixtisası üzrə, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə təhsilini başa vurub.
2007-ci ildən bank sektorunda fəaliyyət göstərən Pərviz Qasımov bu müddət ərzində müxtəlif banklarda məsul vəzifələrdə çalışaraq bank məhsullarının yaradılması, inkişaf etdirilməsi, satış strategiyalarının qurulması və müştəri loyallıq proqramlarının həyata keçirilməsi istiqamətində əhəmiyyətli təcrübə qazanıb.
Karyerasına “Bank of Baku” ASC-də mütəxəssis kimi başlayan Qasımov, zamanla Məhsul və müştəri idarəetməsi departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. Sonrakı illərdə “Kapital Bank” ASC-də Pərakəndə satış departamentinin Rəqəmsal satışlar şöbəsinin rəisi, “ABB Bank”da isə Pərakəndə seqment sahəsinin baş məhsulu və məhsul rəhbəri kimi çalışıb.
“AFB Bank” rəhbərliyi bildirir ki, Pərviz Qasımovun bankın strateji hədəflərinə çatmaq və daha da inkişaf etmək istiqamətində mühüm töhfə verəcəyi gözlənilir.