BANK

08 May

ABB 7 ilin ən yüksək dividendlərini açıqlayıb: Səhmdarlara 15,6% gəlirlilik

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü il üzrə əldə etdiyi mənfəətdən səhmdarlarına ümumilikdə 200 milyon manat dividend ödəyəcək.

Finss.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, dividend ödənişi barədə qərar mayın 7-də keçirilmiş səhmdarların ümumi yığıncağında qəbul olunub və bu göstərici son 7 ilin ən yüksək səviyyəsidir. Bankın hər bir səhminin illik gəlirlilik səviyyəsi 15,6%-ə yüksəlib.

Səhmdarlara dividend ödənişi yalnız 5 may tarixinədək səhmlərlə əməliyyat aparan şəxslərə şamil olunacaq. Yekun səhmdar siyahısı 6 may saat 18:00-da Milli Depozit Mərkəzindən götürülüb və ödənişlər may ayı ərzində həyata keçiriləcək.

ABB-nin hazırda 30 mindən çox səhmdarı var. Ödəniləcək 200 milyon manatın 184 milyon manatı əsas səhmdar olan dövlətə məxsus olacaq. Bankın nizamnamə kapitalında dövlətin payı 92,18% təşkil edir.

A.İbrahimov bildirib ki, son illər ərzində ABB dövlət büdcəsinə və sosial yönümlü layihələrə ümumilikdə 1,6 milyard manat vəsait ödəyib. Bu vəsaitin 1 milyard 40 milyon manatı dividend, qalan hissəsi isə mənfəət vergisi, sosial ödənişlər və digər fiskal ödənişlərdən ibarətdir. 2023-cü ilin nəticələrinə əsasən, dövlət büdcəsinə 110 milyon manat vergi və sosial ödənişlər, mənfəətdən isə 178 milyon manat dividend ödənilib.

Bankın maliyyə göstəricilərinə də toxunan sədr bildirib ki, 2024-cü ilin ilk 4 ayında ABB 80 milyon manata yaxın xalis mənfəət əldə edib. Bu dövrdə kredit portfeli 6,5 milyard manata, o cümlədən biznes kreditləri portfeli 3,2 milyard manata çatıb. Bankın xalis əməliyyat gəlirləri 13,6%, kredit portfeli isə 1,3 milyard manat və ya 25,8% artım göstərib.

Hazırda Azərbaycan Beynəlxalq Bankında 4 mindən çox əməkdaş çalışır.

Fuad Mədətov
Finss.az