BANK

12 May

ABB-də hüquq departamentində yeni təyinat

Finss.az - Azərbaycan Beynəlxalq Bankında (ABB) Hüquq Departamentində yeni təyinat olub.

Teymur Kərimov, ABB-nin Hüquq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, Teymur Kərimov 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb, 2013-2015-ci illərdə isə Beynəlxalq hüquq ixtisası üzrə magistr təhsili tamamlayıb. 2022-2023-cü illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasını idarəetmə psixologiyası ixtisası üzrə bitirib. Həmçinin, Fransa, Koreya Respublikası və Türkiyədə müxtəlif təlim və təcrübə proqramlarında iştirak edib. O, rus, ingilis və fransız dillərini sərbəst danışır.

Teymur Kərimovun peşəkar karyerası 2013-cü ildən konsaltinq şirkətində başlayıb. 2015-2018-ci illərdə "AXA MBASK" Sığorta Şirkətində Hüquq və Subroqasiya Departamentinin direktoru vəzifəsində çalışıb. 2018-2021-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzində Hüquq və İnsan Resursları Departamentinin direktoru olub.

Teymur Kərimov 2021-ci ilin fevral ayında ABB-də Hüquq Departamentinin Beynəlxalq Əqdlər və Vergitutma şöbəsinin müdiri vəzifəsində işə başlayıb və 2023-cü ilin fevralından etibarən Hüquq Departamentinin direktor müavini olub. Son olaraq, o, bankın Hüquq Departamentinin direktoru təyin edilib.

Teymur Kərimovun təyinatı ilə bağlı ABB-nin rəhbərliyi, onun geniş təcrübəsinə və peşəkar bacarıqlarına güvəndiklərini vurğulayıb.