BANK

13 İyun

COP29 razılaşması karbon bazarlarında aşağı gəlirli ölkələrə investisiyaların genişlənməsinə şərait yaradacaq – Dünya Bankı

2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində beynəlxalq karbon bazarları ilə bağlı son razılaşma əldə olunub. Bu razılaşma ölkələrin karbon bazarlarında iştirakını artırmağa və aşağı gəlirli dövlətlərə investisiya axınının genişlənməsinə səbəb ola bilər.

Finss.az xəbər verir ki, bu barədə Dünya Bankının son hesabatında məlumat verilir. Hesabatda bildirilir ki, əldə olunan razılaşma Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq sərhədlərarası karbon vahidlərinin ticarət qaydalarını müəyyən edir. İndi əsas diqqət bu qaydaların praktik tətbiqinə yönəlib. Bunun üçün ölkələr institusional və normativ çərçivələr yaratmalı, həmçinin uyğun reyestrlər daxil olmaqla bazar infrastrukturlarını formalaşdırmalıdırlar.

Dünya Bankının analitikləri qeyd edirlər ki, BMT-nin nəzdində yaradılan karbon bazarları ölkələrin iştirak imkanlarını artırıb. Bu, xüsusilə könüllü karbon bazarlarına yönəlmiş son illərdəki tənqidlər fonunda böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 2024-cü ilin noyabrında COP29 sədrliyi çərçivəsində Paris Sazişinin 6-cı maddəsi üzrə uzun müddət davam edən danışıqlar uğurla yekunlaşıb və yüksək etimadlı karbon bazarlarının yaradılması təsdiqlənib. Bu məsələ sədrliyin əsas prioritetlərindən biri olub. Texniki və siyasi səviyyədə aparılan intensiv danışıqlar nəticəsində illərlə davam edən çətinliklər aradan qaldırılıb və Paris Sazişinin açıq qalmış bəndi üzrə müzakirələr sona çatdırılıb.

Paris Sazişinin 6-cı maddəsi iqlim hədəflərinə nail olmaq üçün beynəlxalq əməkdaşlıq çərçivəsində şəffaf və etibarlı karbon bazarlarının qurulmasını təmin edir. Bu əməkdaşlıq milli iqlim öhdəliklərinin yerinə yetirilməsi üçün tələb olunan xərcləri illik 250 milyard ABŞ dollarına qədər azalda bilər.