Mərkəzi Bankda “Kapital bazarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Emitentlər tərəfindən məlumatların açıqlanması” mövzusunda təqdimat keçirilib.
Finss.az xəbər verir ki, tədbirdə ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin, habelə qiymətli kağızları kütləvi təklif edilmiş və ya tənzimlənən bazarda ticarətə buraxılan şirkətlərin (emitentlərin) nümayəndələri iştirak edib. Təqdimat zamanı Mərkəzi Bank nümayəndələri tərəfindən “Emitentlər tərəfindən məlumatların açıqlanmasına dair Təlimat”la bağlı mühüm məqamlar vurğulanıb. Tədbirdə həmçinin məlumatların açıqlanması prosesində şirkətlərin tez-tez üzləşdiyi çətinliklər, normativ hüquqi aktların tələbləri baxımından çatışmazlıqların aradan qaldırılması ilə bağlı praktiki nümunələr, eləcə də məlumatların səhih, dolğun və vaxtında açıqlanması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb.
Qeyd edək ki, tədbirin keçirilməsinin məqsədi açıqlanmış məlumatların keyfiyyətinin artırılması, kapital bazarının məlumatlılığının və şəffaflığının təmin edilməsi, eləcə də potensial emitentlər və kapital bazarı istehlakçılarının sözügedən bazara marağını artırmaqdır. Təqdimatda praktiki yanaşmalar ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
“Emitentlər tərəfindən məlumatların açıqlanmasına dair Təlimat” Mərkəzi Bankın rəsmi veb-səhifəsində yerləşdirilib. Təlimatla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
//uploads.cbar.az/assets/eed4e72e53ac8265c817ceb14.pdf
Fuad Mədətov
Finss.az
