BANK

23 İyun

Kredit büroları maliyyə sabitliyinin strateji alətinə çevrilib - Toğrul Əliyev

Bu gün Azərbaycan Kredit Bürosunun və Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasının (ACİP) birgə təşkilatçılığı ilə keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransı öz işinə başlayıb.

Finss.az xəbər verir ki, “Məlumatdan Qərarlara: Kredit Bürolarının Gələcəyi” devizi ilə baş tutan tədbirin açılışında Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev çıxış edib.
Konfrans iştirakçılarını salamlayan T. Əliyev bildirib ki, sürətlə rəqəmsallaşan və inteqrasiyalaşan maliyyə sektorunda kredit hesabatlılığı sistemləri artıq təkcə kredit skorinqindən ibarət deyil, bütövlükdə informasiya infrastrukturunun əsas sütunlarından birinə çevrilib. Onun sözlərinə görə, kredit büroları həm maliyyə sabitliyinin qorunması, həm də məsuliyyətli kreditləşmənin təmin olunmasında makroprudensial alət kimi mühüm rol oynayır.
Sədr müavini qeyd edib ki, kredit büroları təkcə bank sektoruna deyil, həm də tənzimləyici orqanlara — xüsusilə mərkəzi banklara — risk modellərinin tərtibi, stress-testlər, IFRS 9 və Basel III çərçivəsində strateji təhlillər aparmaqda dəstək verir. O, həmçinin kredit bürolarının maliyyə inklüzivliyinin artırılması baxımından da önəmli mexanizm olduğunu vurğulayıb. T. Əliyev əlavə edib ki, bu gün kredit büroları artıq yalnız ənənəvi kredit məlumatları ilə deyil, həm də qeyri-ənənəvi mənbələr — elektron pul əməliyyatları, onlayn ticarət davranışları, icarə və kommunal ödənişlər kimi göstəricilərlə işləyir və bu, daha geniş əhali qruplarına maliyyə resurslarına çıxış imkanı yaradır.
Maliyyə xidmətlərinin rəqəmsallaşması fonunda məsafədən maliyyə əməliyyatlarının artması kredit bürolarının identifikasiya və autentifikasiya sahəsində rolunu daha da artırıb. Toğrul Əliyev kredit bürolarının "öz müştərini tanı" (KYC) prinsipinin icrasında və rəqəmsal müştəri uyğunluğu tədbirlərinin tətbiqində mühüm rol oynaya biləcəyini qeyd edib.
Nitqdə süni intellekt və maşın öyrənməsi texnologiyalarının kredit hesabatlığı və qərarvermə mexanizmlərinə təsiri də diqqət mərkəzində olub. T. Əliyev bildirib ki, bu texnologiyalar geniş və mürəkkəb məlumat bazalarını emal edərək daha dəqiq proqnozlar vermək imkanını yaradır. Bununla belə, o, bu sahədə tənzimləyici orqanların qarşısında model riskləri və alqoritm şəffaflığı kimi yeni çağırışların meydana çıxdığını da xatırladıb.
Açılış nitqinin sonunda Toğrul Əliyev qeyd edib ki, Azərbaycanın kredit hesabatlığı sahəsində təməli 2000-ci illərdə Mərkəzi Bankın Kredit Reyestri ilə qoyulmuş sistem bu gün Azərbaycan Kredit Bürosu timsalında uğurla davam etdirilir. Onun sözlərinə görə, bu sahədə əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir — xüsusilə Dünya Bankının “B-Ready” hesabatında “kredit məlumatlarının dərinliyi” indeksi üzrə ölkənin mövqeyi bunu sübut edir.
Konfrans çərçivəsində ACİP Assosiasiyasının İdarə Heyətinin iclasının da keçirilməsi tədbirin əhəmiyyətini daha da artırıb. Toğrul Əliyev bildirib ki, bu formatda təşkil edilən ilk beynəlxalq konfransın və İdarə Heyəti iclasının məhz 7 il əvvəl əsası qoyulmuş Bakı şəhərində baş tutması həm simvolik, həm də strateji baxımdan önəmlidir.

Fuad Mədətov
Finss.az