Finss.az - Moldovanın Kredit Bürosu 30 min avro xərc çəkməklə, EIDAS (Electronic Identification, Authentication and Trust Services) standartlarına uyğun yeni nəsil elektron imza məhsulu hazırlayıb. Layihə, gələcəkdə Azərbaycanda da istifadə oluna biləcək potensiala malikdir.
Finss.az xəbər verir ki, bu barədə Büronun təsisçisi və rəhbəri Vyaçaslav Mirzə Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında məlumat verib.
“Elektron imza məhsulunun hazırlanması prosesi təxminən üç il çəkdi. Əsas problem EIDAS standartlarına uyğun imzanı yarada biləcək mütəxəssislərin bazarda olmaması idi. Nəticədə iki şirkət layihə üzərində ixtisaslaşdı və məhsulu hazırladı. Lakin onun EIDAS-a tam uyğunlaşdırılması üçün əlavə biliklər və əməkdaşlıqlar tələb olunurdu”, – deyə o bildirib.
V.Mirzə əlavə edib ki, bu sahədə artıq 4-5 əsas oyunçu mövcuddur və onlar bir-birlərini qarşılıqlı şəkildə sertifikatlaşdırırlar:
“Bu sistemə daxil olmaq çox çətindir. Onlarla əməkdaşlıq etmədən EIDAS-a uyğun məhsul yaratmaq faktiki olaraq mümkün deyil.”
EIDAS nədir?
EIDAS – Avropa İttifaqının elektron identifikasiya və etibarlı xidmətlərə dair tənzimləmə çərçivəsidir. Bu standart, Aİ üzv dövlətləri arasında elektron imzaların hüquqi tanınmasını təmin edir, sənədlərin təhlükəsizliyi və rəqəmsal mühitdə etibarlılığı üçün texniki və hüquqi əsaslar yaradır.