2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycanda banklardakı ümumi depozitlərin həcmi illik 3,9% artaraq 36,7 milyard manata çatıb.
Finss.az xəbər verir ki, bu barədə “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” forumunda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev məlumat verib.
Onun sözlərinə görə, fiziki şəxslərin banklardakı əmanətləri 14,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.
Z.Nuriyev xüsusi olaraq müddətli əmanətlərdəki artıma diqqət çəkib:
“2025-ci ilin aprel ayına fiziki şəxslərin müddətli əmanətləri 9,1 milyard manatı ötüb. Bu, illik müqayisədə 23,2%-lik artımdır. Artım əsasən banklara yeni qoşulan müştərilər hesabına qeydə alınıb. Belə ki, ilin ilk 4 ayı ərzində müddətli əmanətçilərin sayı 7,5% və ya 11 337 nəfər artaraq 161 856 nəfərə çatıb.”
Fuad Mədətov
Finss.az