BANK

30 İyul

Azərbaycanda “UnionPay” kartları ilə əməliyyatların həcmi artıb

2025-ci ilin iyun ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “UnionPay” ödəniş kartları ilə həyata keçirilən əməliyyatların sayı 200 ədəd, ümumi həcmi isə 40 min manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, rəqəmlər may ayı ilə müqayisədə əməliyyat sayında heç bir dəyişiklik olmadığını göstərsə də, əməliyyatların həcmi 10 min manat və ya 33,3% artıb.

Bununla yanaşı, qeyri-rezident maliyyə institutları tərəfindən emissiya edilmiş “UnionPay” kartları vasitəsilə ölkə daxilində aparılan əməliyyatların statistikası da açıqlanıb. Məlumata əsasən, iyun ayında bu kartlarla həyata keçirilən əməliyyatların sayı 2 200 ədəd, ümumi həcmi isə 400 min manat olub. May ayı ilə müqayisədə bu göstəricilərdə hər hansı dəyişiklik qeydə alınmayıb.

Xatırladaq ki, rezident maliyyə institutlarının emissiya etdiyi kartlarla əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən bank və maliyyə qurumları tərəfindən təqdim edilən ödəniş kartları ilə ölkə daxilində və xaricdə aparılan əməliyyatlar nəzərdə tutulur.

Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi kartlarla əməliyyatlara isə xarici ölkələrdə yerləşən banklar və digər maliyyə institutları tərəfindən verilmiş kartlarla Azərbaycanda edilən alış-veriş və digər ödənişlər daxildir.

“UnionPay” Çin mənşəli beynəlxalq ödəniş sistemidir və son illərdə Azərbaycan bazarında da mövcudluğunu artırmağa davam edir. Hazırkı rəqəmlər sistemin istifadəsinin stabil olduğunu və yavaş da olsa artım tendensiyası göstərdiyini sübut edir.

Fuad Mədətov
Finss.az