BANK

06 Avqust

Azərbaycan CAREC çərçivəsində nəqliyyata ən çox investisiya cəlb edən ölkələr sırasındadır

Azərbaycan, Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində nəqliyyat infrastrukturuna ən çox investisiya cəlb edən üç ölkədən biri olub.

Finss.az bu barədə Asiya İnkişaf Bankının yeni hesabatına istinadən xəbər verir ki, 2001-ci ildən bəri həyata keçirilən CAREC proqramı çərçivəsində indiyədək 276 regional layihə üzrə ümumilikdə 51 milyard ABŞ dollarından artıq vəsait səfərbər edilib. Proqramın əsas məqsədləri iqtisadi fərqlərin azaldılması, ticarət və nəqliyyat sahələrinin inkişafı, eləcə də regional inteqrasiyanın gücləndirilməsidir.

Yatırılan vəsaitin böyük hissəsi – 67,4 faiz və ya 34,3 milyard dolları nəqliyyat sektoruna yönəldilib. Bu sahədə Azərbaycanın payı 16,3 faiz təşkil edir. Bu göstəriciyə əsasən Azərbaycan yalnız Qazaxıstan (24,6 faiz) və Özbəkistandan (19 faiz) geri qalaraq üçüncü yerdə qərarlaşıb.

İnvestisiyalar əsasən multimodal nəqliyyat şəbəkələrinin qurulması, sərhədlərarası ticarətin asanlaşdırılması və regional iqtisadi dəhlizlərin inkişafına yönəldilib. Həmin dəhlizlər arasında Azərbaycanın Cənubi Qafqazda və daha geniş regionda tranzit imkanlarını artıran layihələr də mövcuddur.

Bundan əlavə, CAREC çərçivəsində ticarətin təşviqi və ticarət siyasətinin dəstəklənməsi məqsədilə 1,4 milyard dollar (ümumi investisiyaların 2,7 faizi) ayrılıb. Bu istiqamətdə əsas pay Çin Xalq Respublikasına (38,9 faiz), Pakistana (22,2 faiz) və Monqolustana (16,1 faiz) məxsusdur.