Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə borclanma ilə bağlı tənzimləyici çərçivəni dəyişərək, borclanmanın daha məsuliyyətli aparılması və əhalinin izafi borclanmasının qarşısının alınması məqsədilə yeni qaydalar tətbiq edib. AMB-nin açıqlamasında vurğulanır ki, bu dəyişikliklər bank sisteminin kapital dayanıqlılığını gücləndirmək üçün zəruridir.
Yeni qaydaların zərurəti və məqsədləri
Finss.az xəbər verir ki, bu mövzuda Milli Məclisin deputatı Vüqar Bayramov "Facebook" səhifəsində geniş şərh verib. Deputatın fikrincə, son dövrlərdə kredit kartlarında müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xəttlərinin açılması və izah edilə bilməyən yüksək cərimə faizləri, istehlak kreditləri üzrə ödəmə gecikmələrinin əsas səbəblərindəndir.
2025-ci ilin ilk yarısında ölkədə vaxtı keçmiş kreditlərin məbləği 475 milyon manatdan 527 milyon manatadək yüksəlib. Bu, problemli kreditlərin 10%-dən çox artması deməkdir. Eyni dövrdə ümumi kredit portfeli isə cəmi 4.4% artaraq 25,99 milyard manata çatıb. Bu isə problemli kreditlərin ümumi kredit portfelinə nisbətdə iki dəfə sürətlə artdığını göstərir ki, bu da bank sektoru üçün narahatlıq doğurur.
Kredit kartları üzrə yeni limitlər
Yeni qaydalara əsasən, kredit kartı üzrə borclanma borcalanın xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Məsələn, aylıq xalis gəliri 1000 manat olan şəxs üçün kredit xətti 5,000 manatdan artıq ola bilməz. Digər borc öhdəlikləri də nəzərə alınaraq limit müəyyənləşir.
Bundan başqa, nağd vəsaitlərlə, eləcə də bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri bu limitdən kənar tutulur. Həmçinin, bankın I dərəcəli kapitalının 1%-dən artıq olan istehlak kredit xətləri məcmu miqdarı limitləndirilir.
Overdraft limiti və risk əmsalları
Deputat Vüqar Bayramov qeyd edir ki, overdraft limiti kredit xətləri anlayışına daxil edilərək, kreditə konvertasiya əmsalı 40% səviyyəsində müəyyənləşdirilib. Kredit xətləri balansdankənar hesablarda olduqda isə 100% risk dərəcəsi tətbiq edilir.
Overdraft xidməti kart sahibinə hesabındakı vəsaitdən artıq pul xərcləmək imkanı verir. Lakin bəzi banklar overdraftdan yüksək faizlə istifadə edərək, kart sahibləri üçün maliyyə yükünü artırırlar. Bu səbəbdən də Mərkəzi Bankın tənzimləmələrdə təkmilləşdirmələr aparmaq ehtiyacı qalır.
Deputatın ümumi qiymətləndirməsi
Vüqar Bayramov bildirib ki, AMB-nin yeni qaydaları izafi borclanmanı azaltmaq baxımından təqdirəlayiqdir və vətəndaşların maliyyə vəziyyətinin qorunmasına xidmət edir. Lakin bu sahədə tənzimləmələrin daha da dərinləşdirilməsi prioritet olaraq qalır.
Fuad Mədətov
Finss.az