2025-ci ilin iqtisadi artım proqnozları
Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin iyul proqnozlarına əsasən, bu il real iqtisadi artım ümumi ÜDM üzrə 3.0%, qeyri-neft-qaz ÜDM-i üzrə 4.2% proqnozlaşdırılır.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2025-ci ildə ÜDM artımına əsas təsir qeyri-neft-qaz sektorundan gələcək.
AMB-nin proqnozuna görə, 2026-cı ildə real iqtisadi artım ümumi ÜDM üzrə 2.2% (136.3 mlrd. manat), qeyri-neft-qaz ÜDM-i üzrə 4.3% (93.7 mlrd. manat) olacaq. Bu dövrdə ÜDM artımına əsas səbəb yenə də qeyri-neft-qaz sektoru hesab olunur.
Məlumata görə, neft-qaz sektorunda ÜDM 2025-ci ildə 1.2% artacaq, 2026-cı ildə isə 1.2% azalması proqnozlaşdırılır. Qeyd edilir ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır.
“2025 və 2026-cı illər üzrə iqtisadi artım proqnozunun reallaşması ev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılı olacaq. Digər tərəfdən qlobal əmtəə və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər də müxtəlif kanallarla iqtisadi artım proqnozlarının reallaşmasına təsir edə bilər”, – məlumatda bildirilib
Fuad Mədətov
Finss.az