BANK

03 Sentyabr

İpoteka: ən optimal kredit müddəti necə seçilməlidir? - Elşad Məmmədov

İpoteka kreditlərinin müddətinin seçimi yalnız iqtisadi mənfəət baxımından deyil, həm də kredit götürənin imkanları və sosial yük nəzərə alınaraq müəyyən edilməlidir.

Bunu Finss.az-a açıqlamasında iqtisadçı-professor Elşad Məmmədov deyib. Onun sözlərinə görə, kredit müddətində prioritet kredit götürənlərə verilməli, eyni zamanda kredit verənlərin mənafeləri də qorunmalıdır.

E. Məmmədov ipoteka kreditlərinin müddətinin müəyyənləşdirilməsində sosial və iqtisadi amillərin vacibliyini vurğulayaraq bildirib:

"Hesab edirəm ki, ipoteka kreditləşməsi ilə bağlı optimal kredit müddəti, bu məsələnin sosial mənasını və sosial yükünü nəzərə alaraq, maksimum şəkildə kredit götürənin imkanlarına uyğun olmalıdır. Güzəştlər burada mütləq şəkildə kredit götürənlər üçün nəzərdə tutulmalıdır. Bu, o demək deyil ki, kredit verən təşkilatların mənafelərini nəzərə almaq lazım deyil. Onlara müvafiq şərait yaradılmalı və kredit götürənlərin ödəniş imkanları genişləndirilməlidir, çünki ipoteka prosesi yüksək sosial əhəmiyyət daşıyır.

Sosial yükü nəzərə alaraq yalnız iqtisadi mənfəət aspektindən yanaşmaq düzgün deyil. Ona görə də ipoteka kreditlərində müddət baxımından prioritet kredit götürənlərin imkanlarına verilməli, eyni zamanda kredit verən təşkilatların mənafelərinin qorunması üçün onlara uyğun güzəştlər tətbiq edilməlidir. Yəni məsələyə yalnız iqtisadi və biznes maraqları çərçivəsində deyil, həm də sosial və iqtisadi mənfəət baxımından yanaşılmalıdır."

Professor E. Məmmədov əlavə edib ki, ipoteka kreditlərində həm kredit götürənlərin, həm də kredit verənlərin maraqlarını balanslaşdırmaq sosial məsuliyyətli yanaşma tələb edir və bunun uzunmüddətli faydalar gətirəcəyi gözlənilir.

Fuad Mədətov
Finss.az