Elektron pulqabılardan istifadə sürətlə artdıqca, onların seçimində diqqət yetirilməsi vacib olan məqamlar da aktuallaşır.
İqtisadçı-professor Elşad Məmmədov Finss.az-a açıqlamasında bildirib ki, əsas prioritet vəsaitlərin təhlükəsizliyinin təmin olunmasıdır.
Onun sözlərinə görə, təhlükəsizlik məsələləri hər zaman ön planda olmalı, eyni zamanda mövcud məhdudiyyətlər və komissiya haqları da diqqətlə nəzərdən keçirilməlidir:
"O ki qaldı ikinci sualınıza, hesab edirəm ki, elektron pulqabıları seçərkən əsas meyar təhlükəsizlik olmalıdır. Təhlükəsizlik məsələləri maksimum şəkildə nəzərə alınmalıdır. Bununla yanaşı, həmin pulqabılarla bağlı mövcud məhdudiyyətlər də diqqətlə qiymətləndirilməlidir. Təklif olunan variantlarda bu məqamlar mütləq nəzərdən keçirilməlidir.
Eyni zamanda, komissiya haqları ilə bağlı məsələlər də müvafiq qaydada araşdırılmalıdır. Yəni, bu sahədə sistemli yanaşma vacibdir. Sözsüz ki, istehlakçılar da öz maraqlarını qorumalı, vəsaitlərinin təhlükəsizliyini təmin etməyə çalışmalıdırlar. Bu baxımdan seçim edilərkən qeyd etdiyim amillərin nəzərə alınması məqsədəuyğundur."
E. Məmmədovun fikrincə, düzgün seçim edildiyi halda elektron pulqabılar həm təhlükəsizlik, həm də rahatlıq baxımından istifadəçilərə ciddi üstünlüklər təmin edə bilər.
Fuad Mədətov
Finss.az