BANK

18 Sentyabr

Azərbaycanın birbaşa xarici investisiyaları ilk 6 ayda artıb

2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 516,3 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 195,8 milyon dollar azalıb.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3,2 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş investisiyaların həcmi isə 1,3 milyard dollar təşkil edib. Nəticədə birbaşa xarici investisiyalar üzrə 712,1 milyon dollar kəsir yaranıb.

Struktur baxımından ölkəyə yönəldilmiş birbaşa xarici investisiyaların 77,2%-i neft-qaz sektoruna aid olub. Neft-qaz sektorunda xalis maliyyə öhdəliklərinin azalması (-652,2 milyon dollar) həmin sektora cəlb olunmuş investisiyalar (2,488,6 milyon dollar) və kapitalın repatriasiyası (3,140,8 milyon dollar) arasındakı fərqdən formalaşıb.

Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyalar isə 25,4% artaraq 733,9 milyon dollar olub. Bunun 240,4 milyon dolları ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlıdır.

Fuad Mədətov
Finss.az