BANK

29 Sentyabr

Azərbaycan Yaponiya iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

Cari ilin ilk 6 ayı ərzində Yaponiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 107,987 milyon ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,218 milyon dollar və ya 13% azdır.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyanın payı 3,4% olub.

Öz növbəsində, Azərbaycan bu dövrdə Yaponiya iqtisadiyyatına 7,849 milyon dollar sərmayə qoyub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,164 milyon dollar və ya 38,1% çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,6% təşkil edib.

2024-cü ilin ilk yarısında Yaponiyadan Azərbaycana birbaşa investisiyaların həcmi 124,205 milyon dollar, Azərbaycandan Yaponiyaya yatırımlar isə 5,685 milyon dollar olub.

2025-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ dollarından çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 244,295 milyon dollar və ya 8,2% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 1,350 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,561 milyon dollar və ya 35,2% çoxdur.

Fuad Mədətov
Finss.az