2025-ci ilin birinci yarımilində Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 39,983 milyon ABŞ dolları təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,749 milyon dollar və ya 41,6% artım deməkdir. Hesabat dövründə ABŞ-nin Azərbaycandan xaricə həyata keçirilmiş ümumi pul köçürmələrində payı 16,8% olub və ölkə ən çox pul köçürülən ölkələr siyahısında ikinci yerdə qərarlaşıb.
Cari ilin ilk 6 ayında ABŞ-dan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi isə 52,076 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,55 milyon dollar və ya 64% artım deməkdir. Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində ABŞ-nin payı 9,8% təşkil edib və ABŞ ən çox pul daxilolmaları üzrə 3-cü pillədə qərarlaşıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci yarımilində Azərbaycandan ABŞ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 28,234 milyon dollar, əks istiqamətdə isə 30,526 milyon dollar olub.
Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,420 milyon dollar və ya 8,2% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin birinci yarımili ilə müqayisədə 33,847 milyon dollar və ya 6% azalma deməkdir.
Fuad Mədətov
Finss.az