Dünya Bankı bildirir ki, Cənubi Qafqaz regionunda ÜDM-in sabit artımı növbəti üç il ərzində davam edəcək.
Finss.az bankın 2025-ci il oktyabr buraxılışlı hesabatına əsasən xəbər verir ki, regionun real ÜDM artımı 2025-ci ildə 3,7 %, 2026-cı ildə 3,3 %, 2027-ci ildə 3,1 % olacaq. Hesabatda həmçinin 2025-ci ilin iyun proqnozları ilə müqayisədə cüzi düzəlişlər olduğu vurğulanır: 2025-ci il üçün +0,1 faiz bəndi, 2026-cı il üçün −0,1 faiz bəndi, 2027-ci il üçün −0,3 faiz bəndi.
Regionda ÜDM artımı əvvəlki illərdə belə olub: 2022-ci ildə 7,3 %, 2023-cü ildə 3,8 %, 2024-cü ildə 5,7 %. Dünya Bankının ekspertləri bildirirlər ki, 2025-ci ildə artımın 3,7 % səviyyəsində qalması ötən ilin 5,7 % göstəricisi ilə müqayisədə azalmadır və bu əsasən Azərbaycanda karbohidrogen hasilatının azalması ilə bağlıdır; 2025-ci ilin birinci yarısında neft hasilatı təxminən 5 % azalıb.
Analitiklər həmçinin qeyd edirlər ki, 2025-ci ilin yanvar–iyul aylarında Ermənistana köçürmələr illik 9,2 % artıb, Gürcüstana isə 5 % artım qeydə alınıb. Rusiyadan gələn köçürmələrin azalması (məsələn, Gürcüstan üçün təxminən 30 %) Avropa İttifaqı və ABŞ-dan göndərilən vəsaitlərlə kompensasiya olunub.