BANK

13 Oktyabr

ING bankı Azərbaycanın ÜDM artımı proqnozunu açıqlayıb

Niderlandın ING bank qrupu yaxın illər üçün Azərbaycanda ümumdaxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozlarını açıqlayıb.

Finss.az xəbər verir ki, sənədə əsasən, 2025-ci ildə ölkə iqtisadiyyatı 1,5%, 2026-cı ildə 2,8% artacaq, 2027-ci ildə isə artım tempinin təxminən 2%-ə qədər yavaşlayacağı gözlənilir.

ING-nin qiymətləndirməsinə görə, 2025-ci ilin üçüncü rübündə ÜDM artımı sabit qalacaq, dördüncü rübdə isə 3%-ə qədər sürətlənəcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 83 milyard manatlıq ÜDM istehsal edilib, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1% artım deməkdir.

Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 2,1% azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6% artım qeydə alınıb.

Əlavə dəyərin strukturunda 34,9% sənaye, 10,3% ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,1% nəqliyyat və anbar təsərrüfatı, 6,3% kənd, meşə təsərrüfatı və balıqçılıq, 6,3% tikinti, 2,8% turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8% informasiya və rabitə, 20,7% isə digər sahələr təşkil edib.

Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in 9,8%-ni təşkil edib, adambaşına düşən ÜDM isə 8111,3 manat olub.

Fuad Mədətov
Finss.az