BANK

13 Oktyabr

İKZF-nin zəmanəti ilə 9 ayda sahibkarlara 93 milyon manat kredit ayrılıb

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir.

Finss.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ilk dəfə olaraq sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsinə başlanılıb. Fərmana əsasən, kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.

2025-ci il oktyabrın 1-nə olan məlumata görə, müvəkkil banklar tərəfindən Fondun zəmanəti ilə sahibkarlara 642 milyon manat məbləğində kredit verilib, bunun da 93 milyon manatı 2025-ci ilin yanvar-sentyabr aylarının payına düşür.

Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,2 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişafı, maşın və avadanlıq istehsalı, ticarət və xidmət sektoru sahələrinə yönəldilib.

Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin – kredit portfelinin təminatıemitentlərin istiqrazlar üzrə öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.

Fuad Mədətov
Finss.az