BANK

22 Oktyabr

Manatın dayanıqlığı barədə heç bir şübhə olmamalıdır — Taleh Kazımov

Azərbaycanın valyuta bazarında, xüsusilə nağd valyuta bazarında təklif tələbi tələbi üstələyib.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında açıqlayıb.

Sədr bildirib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında nağd valyuta bazarında təklif tələbi 230 milyon dollar artıq olub. “Yəni əhali daha çox xarici valyuta satıb, almayıb. Bu bizim üçün vacib göstəricidir, çünki əhalinin gözləntilərini bu rəqəmlərlə qiymətləndiririk,” — deyə Kazımov vurğulayıb.

Taleh Kazımov qeyd edib ki, Azərbaycan Manatına inam yüksəkdir və bunun arxasında faktlar dayanır. Sədrin sözlərinə görə:

  1. Dollarlaşma səviyyəsi sentyabrda 29% olub. Hədəf 20-25% aralığında idarə etməkdir və bu normal göstəricidir;
  2. Nağd valyuta əməliyyatlarında təklif tələbi yüksəkdir;
  3. Strateji valyuta ehtiyatları ilin əvvəlindən 14,7% artaraq 81,5 milyard dollara çatıb, geniş Manat kütləsini 3,7 dəfə üstələyir;
  4. Cari əməliyyatlar balansı 2025 və 2026-cı illərin sonunda profisitli olacaq.

T.Kazımov əlavə edib ki, bu göstəricilər yalnız onun şəxsi fikri deyil, həm də əhalinin və beynəlxalq maliyyə institutlarının Azərbaycan iqtisadiyyatına və Manata inamının əyani sübutudur. Avropa Yenidənqurma və İnkişaf Bankının manatla istiqraz buraxılışı buna misaldır.

AMB-nin yaydığı press-relizdə də bildirilir ki, xarici valyuta bazarında vəziyyət stabildir və ümumilikdə təklif tələbi üstələyir. Son 9 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib, rezident fiziki şəxslərin dollarlaşma səviyyəsi isə son 12 ayda 1,8 faiz bəndi azalarq 29%-ə düşüb.

Bundan əlavə, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1,8 milyard ABŞ dolları təşkil edib. Pul baratları üzrə xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir.

AMB sədri vurğulayıb ki, valyuta bazarında tarazlığın əsas amili xarici sektor göstəricilərinin əlverişli qalmasıdır. Bu tendensiyalar ölkədə Manatın dayanıqlığını və iqtisadiyyatın sabitliyini gücləndirir.

Fuad Mədətov
Finss.az