İqtisadi artım perspektivlərinə dair gözləntilər ümumilikdə nikbindir. Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin oktyabr proqnozlarına əsasən, cari ildə real iqtisadi artımın ümumi ÜDM üzrə 2,2%, qeyri-neft-qaz ÜDM-i üzrə isə 3,7% olacağı gözlənilir.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, proqnoza görə, 2025-ci ildə ümumi ÜDM-in artımına neft-qaz sektoru azaldıcı, qeyri-neft-qaz sektoru isə artırıcı təsir göstərəcək. Qeyri-neft-qaz sektorunda isə ev təsərrüfatlarının istehlakının artım tempinin nisbətən azalması gözlənilir.
2026-cı ildə real iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə müvafiq olaraq 2,0% və 4,4% olacağı proqnozlaşdırılır. Həmin il də ümumi ÜDM-in artımına neft-qaz sektoru azaldıcı, qeyri-neft-qaz sektoru isə artırıcı təsir göstərəcək.
Qeyri-neft-qaz sektorunda ev təsərrüfatlarının istehlakının təsiri azalsa da, əsas fondların yığımının artırıcı təsiri gözlənilir. Neft-qaz sektorunda ÜDM üzrə 2025-ci ilə -0,2%, 2026-cı ilə isə -2,4% real azalma proqnozlaşdırılır.
Qeyd olunur ki, neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır. 2025 və 2026-cı illərdə qeyri-neft-qaz sektorunun iqtisadi artımının reallaşması isə əsasən daxili məcmu tələbin dinamikasından asılı olacaq.
Fuad Mədətov
Finss.az
