BANK

01 Yanvar
6

Bu bank səhmlərinin 10%-ə qədərini sata bilər

Xarici investorlar Azərbaycan banklarının birindən pay almaq istəyir. Söhbət son aylar kapitalını Mərkəzi Bankın tələbi əsasında 2-3 dəfə artırması ilə gündəmə gəlmiş “Atrabank”dan gedir. Bu barədə fins.az-a Bankın İdarə Heyətinin sədr müavini Barat Piriyev məlumat verib. Onun sözlərinə görə, səhmlərin alınması ilə bağlı təklifə müsbət cavab verilə bilər, amma səhmlər istənilən investora satılmayacaq: “Səhmlərimizə maraq göstərən xarici investorlar var. Amma biz çalışırıq ki, kapitalımızı ciddi maliyyə qurumlarının hesabına artıraq. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankı tipli beynəlxalq maliyyə qurumu ola bilər. Belə bir investora səhmlərimizin 5-10%-ni sata bilərik”.

“Kredit portfelimizi şaxələndiririk”

2014-cü ilin yekunlarına görə, “Atrabank”ın kredit portfeli 60 milyon manat civarında olub. Barat Piriyevin sözlərinə görə, bu il bu rəqəmin təxminən 20-30 milyon manat və yaxud təxminən 50% artırılması nəzərdə tutulub: “İndiyə qədər biz ancaq ticarət sektoruna, bir də avtomobillərin əldə edilməsinə kredit verirdik. Bu ildən kredit portfelimizi şaxələndiririk. Məsələn, kənd təsərrüfatı sektoruna, quşçuluq müəssisələrinə, istehsal və emal sahələrinə kredit verməyə başlamışıq. Tikinti sektorunu maliyyələşdiririk. Həmçinin istehlak kreditləşməsi bazarına da girməyi planlaşdırırıq”.

“Regionlarda yeni filiallar açacağıq”

“Atrabank” bu il regionlardakı filiallarının sayını artırmağı da qarşısına məqsəd qoyub. Barat Piriyev deyir ki, hazırda bankın Sumqayıt, Gəncə və Qəbələdə filialı var. İlin sonuna qədər isə daha 3-4 regional filialın açılması nəzərdə tutulub.