BANK

01 Yanvar
2

Beynəlxalq Bank kartdan silinən pullar barədə bəyanat verdi

Azərbaycan Beynəlxalq Bankının kart sahibi olan müştərilərinin nəzərinə çatdırır ki, beynəlxalq ödəniş sistemlərinin (MasterCard, Visa və s.) şərtlərinə əsasən, bank kartları vasitəsilə əməliyyatlar aşağıdakı qaydalarla keçirilir.
Bankdan fins.az-a verilən məlumatda bildirilir ki, kart vasitəsilə əməliyyat aparılarkən, kartı qəbul edən bank tərəfindən ödənişin məbləği barədə emitent banka, yəni kartı buraxan banka sorğu göndərilir. Emitent bank bu sorğuya cavab olaraq həmin banka kartın etibarlığı və müştərinin ödəniş qabiliyyətliyi barədə məlumat verir və sorğuda göstərilən məbləğ emitent bank tərəfindən bloklanır. Bütün bunlar bir neçə saniyə ərzində avtomatik baş verir.

«Müştəri ola bilər ki, hesabını yoxladıqda həmin vəsaitin silindiyini görəcək. Amma məbləğin bloklanması müştərinin bank hesabından vəsaitin silinməsi hesab edilmir və ödəniş əməliyyatının həyata keçirilməsi demək deyildir. Sadə dillə desək, istər ölkə daxilində, istərsə də xaricdə kartı qəbul edən bank öz cibindən müştərinin pulunu verir və arxayındır ki, bu məbləği kartın aid olduğu bankdan nə vaxt istəsə götürə bilər. Bu da ödəniş tələbi əsasında həyata keçirilir. Ödəniş tələbi kartı qəbul edən bank tərəfindən qaydalara görə ən geci 33 gün ərzində göndərilməlidir. Adətən xarici ticarət və xidmət müəssisələri bu tələbi bir neçə gün və bir neçə həftədən sonra göndərirlər. Bu təcrübə kart əməliyyatları üzrə bütün dünyada norma sayılır.

Nəhayət, ödəniş tələbi göndərildikdən sonra müştərinin hesabından həmin bloklanmış vəsait silinir. Və,diqqət edin, bu halda valyuta mübadiləsinə ehtiyac varsa, mübadilə pul vəsaitinin məhz hesabdan silinən günün məzənnələri ilə keçirilir»-deyə bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, kart vasitəsilə aparılan əməliyyatların keçirilmə və vəsaitlərinin silinmə günlərində olan məzənnələr müxtəlif olduqda, bloklanmış məbləğlə hesabdan silinən məbləğ fərqli ola bilər. Adətən, valyuta məzənnlərənin dəyişməsi çox kiçik olduqda, bu fərq gözə çarpmır. 21/02/2015-ci il tarixində qəbul edilmiş milli valyuta məzənnələrinin rəsmi dəyişdirilməsi zamanı artıq bu fərq nəzərə çarpacaq dərəcədə təşkil etmişdir.