BANK

01 Yanvar
11

Mərkəzi Bank: «Banklara tapşırmışıq ki, əhaliyə mane olmasınlar»

Azərbaycan Mərkəzi Bankı ölkə banklarına göstəriş verib ki, əhalinin dollar almasına, ümumiyyətlə pulların istənilən valyutaya çevirməsinə mane olmasınlar və ilk tələbdəcə bunu yerinə yetirsinlər. Fins.az-ın məlumatına görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov dövlət televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə dollara tələbatın artmasına təqribən 2 ay əvvəl başlayıb və qonşu ölkələrdəki prosesləri nəzərə alanda bu da təbiidir: «Biz müəyyən dollarlaşma prosesi görürük. Bu proses artıq 2 aydır ki, davam edir. Burada qəribə bir şey görmürəm, bu tam şəkildə psixoloji və xarici amillərin, o cümlədən qoşularımızda gedən devalvasiya proseslərinin təsirialtında gedir. Məsələn Qazaxıstanda dollarizasiya 70%-ə çatıb. Bunun da səbəbi bu ölkədəki devalvasiyadır və yerli əhalinin öz milli valyutasına tengeyə etibarlarını itirməsidir».

Əmanətlərin dollarlaşmaına mane olunmayacaq

Baş bankir bildirib ki, bu proseslərin fonunda əhalinin bir hissəsi banklardakı manatla olan əmanətləri dollara çevirməyə başlayıb. Və AMB ölkə banklarına buna mane olmamaq barədə göstəriş verib: «Bildiyimiz kimi, banklarda 7 milyarddan artıq manat ekvivalentində əmanəti var. Bunun yarısı manatda, yarısı xarici valyutadadır. Son 2 ayda görürük ki, əmanətlərin müəyyən dollarlaşması prosesi gedir. Amma bu cəmisi 4% artımdır. Və bizim banklara göstərişimiz və tövsiyəmiz bundan ibarət olub ki, heç bir maneə törətmədən öz manat əmanətlərini xarici valyutaya keçirmək istəyən əmanətçilər üçün hər bir şərait yaratsınlar. Bu, sadəcə olaraq dollarlaşmadır və istənilən vətəndaş heç bir maneə olmadan əgər bunu edirsə, onun buna tam haqqı var, hüquqi haqqı var. Və banklar da bunu edir (yəni maneə törətmirlər). Üstəlik, əgər əvvəllər manatla əmanətlərin faiz dərəcələri valyuta ilə əmanətlərdən yüksək idisə, indii valyuta ilə faiz ərəcələri də artaraq ona yaxınlaşıb».

Banklara xəbərdarlıq etdi

Elman Rüstəmov televiziyada çıxışı zamanı bu tövsiyəni bir daha banklara xatırladıb: «Bir daha bu imkandan istifadə edib Azərbaycanın bank sisteminə müraciət etmək istəyirəm ki, əhalinin əmanətlərinə qarşı çox həssas olsunlar və ilk müraciətdəcə onların konvertasiyasını (yəni əmanətçilərin əmanətin valyutasını dəyişmək istəklərini) təmin etsinlər». Baş bankir bildirib ki, AMB bu prosesi ciddi izləyir: «Biz bu prosesi ciddi izləyirik, bütün aparıcı banklarda bu prosesi izləyirik, proses gedir və bu, çox normal prosesdir. Və çox yaxşı haldır ki, əhalinin əmanətlərini banklardan çıxarılmasının şahidi olmuruq».

Dollar qıtlığına toxundu

Elman Rüstəmov valyutadəyişmə məntəqələrindəki ajiotaj və dollar qıtlığı mövzusuna da toxunub. Onun sözlərinə görə, ölkənin kifayət qədər valyuta ehtiyatları var: «Mübadilə məntəqələrinə gəlincə demək istəyirəm ki, təbii ki, bu gün biz görürük ki, nağd valyutaya tələbat bir qədər artıb. Bizim kifayət qədər valyuta ehtiyatlarımız var, həm nağd həm də qeyri-nağd formada, biz bankları tam təchiz edirik, belə imkanlarımız var».

"Bu, əhalinin seçimidir"

Baş bankir bir daha xatırladıb ki, pullarını dollar və ya manatda saxlamaq əhalinin öz seçimidir. Bu seçimə əməl etmək isə bankların, o cümlədən AMB-nin borcudur: «Bu, əhalinin öz seçimidir. Öz yığımlarını, əlində olan pulları milli valyutada saxlamaq və ya konvertasiya etmək. Bu, əhalinin seçimidir. Bizim öhdəliyimiz və borcumuz isə ondan ibarətdir ki, ilk tələbdəcə onun konvertasiyasını (çevirməyi) təmin edək. Əhalinin seçimi var ki, pullarını hansı valyutada saxlasın. Pis hal o olardı ki, seçim olmasın. Bizdə isə seçim var, Azərbaycan hökuməti və Mərkəzi Bankı onun təminatçısıdır».