Bank

01 January
3

Mərkəzi Bank: «Bu il kreditlər ucuzlaşacaq»

2015-ci ildə Mərkəzi Bank Azərbaycanda kreditlərin ucuzlaşmasına çalışacaq, eləcə də biznes üçün kredit imkanları daha da artırılacaq. Fins.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında bildirilib.

Valyuta ehtiyatları ÜDM-in 70%-nə çatır
İclasda çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70%-nə çatır. Bu göstərici üzrə ölkə dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da güclənmişdir. Qiymətləndirmələrə görə ölkənin məcmu xarici aktivləri öhdəliklərini 2.7 dəfə üstələyir.
Aşağı inflyasiya təşviqata ehtiyac yaradıb
2014-cü ildə ölkədə inflyasiya cəmi 1,5% təşkil edib ki, bu da ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan əhəmiyyətli səviyyədə aşağıdır. 2014-cü ildə inflaysiya aşağı olduğuna görə, qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait yaratmaq məqsədilə Mərkəzi Bank faiz dəhlizinin parametrlərini və məcburi ehtiyat normalarını endirib.
Bu il əsas məqsəd iqtisadi artımın davam etməsidir
2015-ci ildə Mərkəzi Bankın əsas vəzifəsi makroiqtisadi sabitliyin qorunmasına aktiv dəstək verməkdir. Belə ki, makroiqtisadi sabitliyin qorunması bütövlükdə iqtisadi inkişafın davam etdirilməsinin, əhalinin sosial müdafiəsinin təmin olunmasının əsas amilidir. Bununla bağlı Mərkəzi Bank iqtisadi inkişafa dəstək məqsədilə pul siyasətinin imkanlarından, xüsusilə monetar yumşaltma alətlərindən istifadə edəcəkdir.
Bankların hüquqları daha yaxşı qorunacaq
2015-cü ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcəkdir. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaqdır. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq. Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Nağdsız hesablaşmalar genişlənəcək
Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir. Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyatı qurumlarla birgə iş aparacaqdır.
2015-ci ildə milli ödəniş sisteminin təhlükəsizliyi, texnoloji müstəqilliyi gücləndiriləcək, yerli plastik kart bazarı inkişaf etdiriləcək, hökumət ödəniş portalının istifadəsi miqyası genişləndiriləcəkdir.