Bank

01 Yanvar
3

“Bank of Baku”nun problemli kreditləri 2 dəfə artıb

2014-sü ildə “Bank of Baku”nun kredit portfeli 15,5 artaraq maliyyə lizinqi də daxil olmaqla 660 milyon manat təşkil edib. Fins.az-ın məlumatına görə, bu barədə bankın açıqladığı hesabatlarda bildirilir.

Əsasən istehlak kreditləri verib

Hesabatardan aydın olur ki, Azərbaycanda bankların biznes kreditlərinə daha çox üstündük verilməsi ilə bağlı son vaxtlar səslənən çağırışlar “Bank of Baku”nun bu sahədəki siyasətinə ciddi təsir etməyib. Əvvəlkitək kredit portfelinin böyük hissəsi istehlak krediğlərinin payına düşür. Sadəcə 2013-cü ildə istehlak kreditlərinin ümumi kredtitlərdə payı 96% idisə, 2014-cü ilin nəticələrində bu rəqəm 95%-ə enib. İstehlak kreditlərinin məbləği isə 14%-dən çox artaraq 626 milyon manata yüksəlib.

Biznes kreditləri

2014-cü ildə «Bank of Baku» ticarət və xidmət sektoruna 25,66 milyon manat kredit verib. Bu ötən ilə nisbətən 66% yüksək olsa da, ümumi kredit portfelinin cəmi 3,9%-ni təşkil edir. “Bank of Baku” kənd təsərrüfatının kreditləşməsini isə azaldıb. Belə ki, 2014-cü ilin yekununda fermerlər bankdan 2013-cü illə müqayisədə təxminən 6% az, 6,3 milyon manat kredit alıblar. 2014-cü ildə ilk dəfə bank sənaye sektoruna da kredit verir – 885 min manat.

Kreditlərin 71%-i Bakıda verilib

“Bank of Baku”nun verdiyi kreditlərin 71%-i Bakının payına düşüb. Paytaxtda yaşayanlar bankdan ümumilikdə 466,5 milyon manat kredit alıblar. 2013-cü ilin yekununda isə bu rəqəm 434 milyon manat və yaxud ümumi portfelin 76%-i qədər olub.

Digər regionlara gəlincə isə, Sumqayıta 30 milyon manat, Abşerona 19,5 milyon manat, Gəncə və Şəkiyə 18 milyon manat, Lənkərana 15,3 milyon manat, Xaçmaza isə 12,6 milyon manat kredit verilib. Ən az kredit isə Şamaxı və Zərdab rayonlarına verilib – hər biri üzrə cəmi 800 manat.

Problemli kreditləri təxminən 2 dəfə artıb

2014-cü ilin yekunlarına görə, “Bank of Baku”nun problemli kreditləri 47,84 milyon manat olub. Bu, ümumi portfelin 7,3%-ni təşkil etməklə, 2013-cü illə müqayisədə təxminən 2 dəfə çoxdur. Əvvəlki il problemli kreditlər portfeldə 4,5% paya malik olub. Problemli kreditlərin 90%-i istehlak kreditləri olub.